Dayanacaq pavilyonları niyə yararsız vəziyyətdədir? - AÇIQLAMA

 14:45 14.01.2023     554

Paytaxtda yerləşən bir çox avtobus dayanacaqlarının pavilyonları yararsızdır. Belə ki, açıq və küləkli ərazidə yerləşən pavilyonların çoxunun şüşələri sınıq vəziyyətdədir. Bu da soyuq hava şəraitində sərnişinlər üçün çətinlik yaradır.

Məsələn, Jurnalistlər binasının qarşısında - Yeni Salyan yolu 22 ünvanında hər iki dayanacaqda pavilyonun şüşələri uzun müddətdir qırılıb, amma hələ də düzəldilməyib.

Bu barədə Redaktor.az-a narazı sakinlər məlumat verib.

Maraqlıdır, uzun müddətdir qırıq olan şüşələr nə üçün yenilənmir? Və pavilyon şüşələri möhkəm materialdan hazırlana bilərmi?

Şikayət ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin Sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə saytımıza bildirdi ki, həmin ərazidə mövcud dayanacaq pavilyonları tələblərə uyğun şəkildə quraşdırılıb.

“Lakin sözügedən ünvan açıq  ərazi olduğuna görə və əsən güclü külək yelkən effekti yaratdığı üçün bu cür hallar baş verir. Həmin dayanacaq povilyonlarının yeniləri ilə əvəzlənməsi planlaşdırılıb.

Hər bir dövlət qurumunda olduğu kimi bizdə də il ərzində aparılmış təhlillər, monitorinqlər, vətəndaş müraciətləri və sair mənbələrdən toplanmış məlumatlar əsasında tələbat qeydiyyata alınır və növbəti ilin satınalma və icraat planına daxil edilir”, - deyə qurum rəsmisi vurğuladı.

Pavilyon şüşələrinin küləkdən zədələnməyəcək materialdan hazırlanması məsələsinə gəlincə isə, V.Məmmədzadə qeyd etdi ki, şüşənin materiali bir formada olur:

“Mövcud pavilyonlara bişmiş şüşələr quraşdırılır. Sındığı zaman kiçik hissələrə ayrılır ki, ətrafda olan insanlara ciddi xəsarət yetirməsin. Yeni quraşdırılacaq pavilyonlarda əraziyə uyğun olaraq şüşənin bərkidilməsi bir az daha möhkəm ediləcək”.

Nərmin VÜQARQIZI