Baş Dövlət Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ

 09:46 16.01.2023     355

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.

Redaktor.az xəbər verir ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar.

Lakin, bir sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirmələri yolverilməzdir.

"Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq",- müraciətdə bildirilir.