“Azercell”də niyə yoxlama aparılmır?

 17:16 16.01.2023     722

"“Azercell” bahalı mobil rabitədir. İnternet xidməti baha, xaricdən zəng etmək bahadır. Mən şəxsən "Azercell" istifadəçisiyəm, həm də abunə işlədirəm. Görürsən zəng gəlir, keçirsən həmin zəngə, "adboy" gedir. Belə olmaz axı. Ona görə yeniliklər olmalıdır, texniki parametrlər yenilənməlidir. Reklam etməklə iş bitmir, gərək iş görəsən. Cavanlar indi çox danışmaq istəyir. Çox internetlə məşğul olurlar. Qoy qiymətləri ucuz eləsinlər, millət də “Azercell”i başqa mobil şəbəkələrə dəyişməsinlər".

Bu sözləri Milli Məclisin deputatı Aqil Abbas mətbuata açıqlamasında deyib.

Bəs, sözügedən mobil operatorun tarifləri nə üçün bahadır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda mobil rabitə bazarında demək olar ki, rəqabət yoxdur.

“Üç mobil operator var ki, onların təqdim etdiyi xidmət növləri də, qiymət tarifləri də aşağı-yuxarı eynidir və buna nəzarət edəcək bir mexanizm yoxdur. Nəyə görə bu vacibdir? Çünki antiinhisar qanunvericiliyinə və ölkəmizin qanunlarına görə, bazarın 30 faizindən yuxarı hissəsinə nəzarət edən şirkətlərdə dövlətin monitorinq aparması və monitorinq nəticəsində qiymətlərin tənzimlənməsinə qərar vermək hüququ var. Bu hüquqdan Azərbaycan dövləti nədənsə bu günə qədər istifadə etməyib. Söhbət ondan gedir ki, “Azercell”, “Bakcell” və “Nar mobile” da, bazarın 30 faizindən yuxarısına nəzarət edən şirkətlərdir. Əsasən də, “Azercell”. Bu şirkət az qalır bazarın yarısına nəzarət etsin. Yəni bunu antiinhisar qanunvericiliyi tənzimləməlidir. Onların qiymət siyasəti dövlət tərəfindən müdaxilələrə açıqdır. Amma bu məsələ ilə bağlı bu günə qədər də hansısa yoxlamalar, araşdırmalar əlaqədar dövlət və hökumət orqanları tərəfindən aparılmayıb. Aparılsa, məlum olacaq ki, tariflərin qiymətləri niyə bu qədər yüksəkdir? Qonşu ölkələrdən necə fərqlənir? Qonşu ölkələrdə tariflər niyə ucuzdur? Bax, bu sualların cavabını antiinhisar qanunvericiliyinə görə əlaqədar orqanlar verməlidirlər”, - deyə ekspert qeyd etdi.

Nərmin VÜQARQIZI