"Bəhram Bağırzadə cəmiyyətdə mövcud problemlərin işıqlandırılmasına çalışdı" - Deputat

 17:31 17.01.2023     2511

Son günlər aktyor Bəhram Bağırzadənin sosial şəbəkələrdə paylaşılan fikirləri demək olar ki, hər kəs tərəfindən qınanılıb. Onun rayonluları pisləməsi birmənalı qarşılanmayıb.

“Bakıya gələnlər uyğunlaşa bilmir. Urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Son 25 ildə şəhər çox dəyişib. Rayonlardan gələnlər şəhərə uyğunlaşa bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda danışmaq olmaz”,- deyə B.Bağırzadə deyib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Ceyhun Məmmədov bildirdi ki, Bəhram Bağırzadə cəmiyyətdə olan bəzi problemləri ictimailəşdirməyə çalışıb.

Onun sözlərinə görə, aktyor öz fikrini bildirməyə çalışıb, amma üslubu düzgün seçməyib:

“Yəni onun, bu məsələləri qeyd etməsi, problemləri işıqlandırmağa çalışması özünü açıq göstərir. Amma hesab edirəm ki, ifadələr və üslub düz seçilməyib. Əslində son dövrlər cəmiyyətdə gedən bir sıra problemlər hər birimizi ciddi şəkildə narahat edir. Misal üçün, Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabının atılması. Bunu bir insan, bir azərbaycanlı necə edə bilər? Və bir sıra digər nüanslar var ki, bunlar hər birimizi narahat edir. Onun seçdiyi üslub, səsləndirdiyi fikirlər doğru bir formada irəli sürülməyib və hesab edirəm ki, onun fikirlərinə də, həddindən artıq aqressiv yanaşma da düzgün deyil. Mən iki gündür baxıram, bu prosesləri müşahidə edirəm. Qarşı tərəf bir-birini çox ciddi şəkildə ittiham edir və eyni zamanda bəzi insanlar bu məsələdən istifadə edərək müəyyən reytinq toplamağa da çalışırlar. Biz əslində məsələnin mahiyyətinə varmalıyıq. Bu gün cəmiyyətimizdə bizi narahat edən məsələlər var. Bu gün gənclərin bəzilərinin dünyagörüşündə, intellektual səviyyəsində müəyyən problemləri müşahidə edirik və hesab edirəm ki, bu, bilavasitə bizim təhsilimizlə bağlıdır, həmçinin bizim ailələrimizin verdiyi tərbiyə ilə bağlıdır. Burada bir çox amillər var. Ümumi gənclərimizin dünyagörüşünün zənginləşdirilməsi, intellektual səviyyəsinin artırılması istiqamətində ciddi addımlar atmalıyıq. Təəssüf ki, bu gün bizim məktəblərimiz, ali məktəblərimiz bu istiqamətdə ciddi səylər göstərmirlər. Yəni bu, cəmiyyətin ümumi problemidir. Son günlər baş verən hadisələrin xronikasına baxanda, yəni Azərbaycan mətbuatını oxuyanda və bir neçə gəncin Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atması, ardınca Yevlax xəstəxanasının şöbə müdirinə qarşı cinayət törədilməsi və bunun 90 təvəllüd ətrafında gənclərin etməsi, əslində cəmiyyətdə deqradasiyanın göstəricisidir. Cəmiyyətdə bəzi proseslərin düzgün getmədiyinin göstəricisidir. Biz çalışmalıyıq ki, cəmiyyətdə proseslərin düzgün istiqamətlənməsinə nail ola bilək”.

C.Məmmədov qeyd etdi ki, nəinki Azərbaycanda, dünyanın hər yerində yerli, gəlmə, kəndli, şəhərli söhbətləri, müzakirələri gedib.

“Mən bu söhbətləri xoşlamıram. Amma hesab edirəm ki, əslində düzgün üslubu seçməsə də, Bəhram Bağırzadə Azərbaycan cəmiyyətində mövcud problemlərin işıqlandırılmasına çalışdı. Yeni nəslin, gənc nəslin düzgün yetişməsi üçün çalışmalıyıq. Bu gün burada boşluqlar var. Biz bəzən problemləri görməməzlikdən gəlmək istəyirik. Amma bu gün bizim ciddi problemlərimiz var. Gənclərin bir hissəsi zərərli vərdişlərə yuvarlanıb, meyllənib, onların bir hissəsi zərərli ideologiyalardan, dini ideologiyalardan zəhərlənib. Bu gün gənclərin bir hissəsində oxumağa, öyrənməyə, özünü inkişaf etdirməyə o qədər də böyük həvəs və maraq yoxdur. Bu, ciddi bir məsələdir. Biz bu prosesi təhlil edərək ciddi çalışmalıyıq. Məktəblərimiz, universitetlərimiz öz işlərini yalnız təhsil verməklə bitmiş hesab etməməlidirlər. Onlar həm də tərbiyəyə önəm verməlidir. Mən hesab edirəm, hər bir məktəb, hər bir ali məktəb həm də tərbiyə müəssəsidir. Onlar bu gənclərin düzgün formalaşması, düzgün yetişməsi üçün çalışmalıdırlar. Bu prosesə töhfə verməlidir. Yəni bu günün gəncləri, gələcəyin idarəçiləri, gələcəyin ayrı ayrı dövlət qurumlarında çalışacaq insanlarıdır” -  deyən millət vəkilinin fikrincə, gənclərin sağlam düşüncə və təfəkkürdə yetişməsi üçün çalışmalıyıq:

“Bunu etməsək, gələcək bunu bizə bağışlamayacaq. Yəni biz təəssüf ki, bu tendensiyaları görürük, müşahidə edirik və çox az sayda insan da bu məsələlərə öz münasibətini, öz mövqeyini bildirir. Biz necə edək, hansı addımlar ataq ki, gənclərimizi qoruyaq, gənclərimizə sahib çıxaq, gənclərimizin tərbiyəsini təkmilləşdirək. Dövlət səviyyəsində addımlar atılır. Amma ziyalılarımızın fəallığını, kifayət qədər bu məsələlərə həssas münasibətini görmürəm. Yəni söhbət hamıdan getmir. Amma bu, ümumilikdə, hamımızın bir problemidir. Biz necə edək ki, bizim dəyərlərimizə, bizim mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sadiq gənclik yetişdirək? Əslində, onun dünən səsləndirdiyi fikirlərdə hesab edirəm həm də o nüanslar var ki, biz bu məsələlər barədə ciddi düşünməliyik. Yəni tərbiyə məsələsi, gənclərin inkişafı məsələsi, gənclərin intellektual səviyyəsi, dünyagörüşünün zənginləşdirilməsi istiqamətində də biz addımlarımızı atmalıyıq”.

Həmidə İbrahimova