“Antibiotikin qripə heç bir faydası yoxdur”

 16:22 18.01.2023     654

“Qripdən sonra ağırlaşmalarla bağlı həkimlərə müraciətlər edilir. Bunlar bakterial infeksiyalar, bakterial pnevmoniya, otit və digər ağırlaşmalardır. Xəstə vaxtında müalicə olunmasa, bakterial sepsis və meningitə də səbəb ola bilər”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

O qeyd edib ki, bəzən həkimdən öncə məsuliyyətsiz məsləhət verən insanlar olur. Bir xəstə üçün yazılan resept digər xəstələrdə də istifadə olunur. Əslində isə hər bir xəstə individual olaraq müayinə olunmalıdır və ona resept yazılmalıdır.

Həkimin sözlərinə görə, xəstəlik əlamətləri müşahidə olunan ilk vaxtlarda bol maye tükətməli, sağlam qidalanmaya üstünlük verməli, yüksək hərarət olarsa, hərarətsalan dərmanlardan istifadə etməlidirlər. Sistem müalicəsi, antibiotik və gərəksiz yerə digər dərmanlardan istifadənin qripə heç bir faydası yoxdur. Bu, zaman itkisidir və pasiyentin həm maddi baxımdan, həm də sağlamlıq baxımından zərərinədir. Əgər xəstəliyin əlamətləri 3 gündən çox davam edərsə, həkimə müraciət etmək olar: “Qripə qarşı peyvənd bu baxımdan çox önəmlidir. Xüsusən risk qrupunda olan insanlar ailə sağlamlıq mərkəzlərində və ya poliklinikalarda dövlət hesabına qripə qarşı peyvənd oluna bilərlər”.