"Bir çox nazirliklərdə işçilər kompüter oyunları oynamağa gəlirlər" - Qüdrət Həsənquliyev

 11:28 19.01.2023     401

“Dövlət qulluqçularının əməkhaqqlarının aşağı olması ilə bağlı insanlarda fikir var”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ştat həddindən artıq şişirdilib: “Təkcə dövlət qulluğunda deyil, dövlət müəssisələrində ştat şişirdilir və həmin qurumlar rentabelli işləmirlər. Bir çox nazirliklərdə işçilər səhər işə kompüter oyunları ilə oynamağa gəlirlər. Yeni dövlət strukturları yaradılanda Prezidentin sərəncamında ştat vahidi göstərilir. Amma minimal hədlər qoyulmalıdır və qurum fəaliyyətə başlayandan sonra ştatın azaldılıb, artırılmasına baxılmalıdır. Dövlət Neft Fondunda 11-12 müşavir, elə o qədər müavin niyə olmalıdır? Buna bir məhdudiyyət qoyulmalıdır. Bura ayrılan vəsaitin polisin, prokurorun və ya digərlərinin maaşının artırılmasına yönəltmək olar. Bu məsələni Dövlət Qulluğunun İdarəetmə Şurası ilə məsləhətləşmək lazımdır. O gün Şavkat Mirziyoyevin sərəncamı ilə Özbəkistanın 35% dövlət strukturlarında çalışanların ixtisarı nəzərdə tutulurdu. Bizdə də buna ehtiyac var. Say azaldılmalı, keyfiyyət və əməkhaqları artırılmalıdır. 3 nəfərdən ibarət yeni sektor yaratmağın nə mənası var ki?! Bir nümunə çəkmək istəyirəm. Naxçıvanda KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb və Naxçıvanda cəmi bir "Şərq qapısı" qəzeti fəaliyyət göstərir. İndi məlum olub ki, bu Fondun işçilərinin sayı “Şərq qapısı” qəzetinin işçilərinin sayından çoxdur. Yəni aparatın şişməsi deyəndə bunu nəzərdə tuturam. Komitə sədri Əli Hüseynli də optimallaşmanın tərəfdarı olduğunu qeyd edib”.

Komitə sədri Əli Hüseynli də optimallaşmanın tərəfdarı olduğunu qeyd edib.