Vahid Əhmədov çox vacib qanunun anonsunu verdi: "Hazırda Prezident Administrasiyasında baxılır"

 16:56 19.01.2023     1635

Azərbaycanda uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbulu istiqamətində müzakirələr gedir. Bununla bağlı 2019-cu ildə Prezident İlham Əliyevin sahibkarlığın inkişafı sahəsində əlavə tədbirlər haqqında sərəncamında da Rəqabət Məcəlləsinin hazırlanmasına dair hökumətə tapşırıq verilib.

Sözügedən Məcəllənin qəbulunun ölkə iqtisadiyyatının inkişafı üçün vacib amil olduğu dəfələrlə vurğulansa da, indiyədək bu istiqamətdə konkret addımlar atılmayıb.

Maraqlıdır, Azərbaycanda nə üçün Rəqabət Məcəlləsi qəbul edilmir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, Rəqabət Məcəlləsi uzun müddət Milli Məclisdə müzakirə olunub.

“Biz onu iki oxunuşda qəbul etdik. Sonradan bu Məcəllə üçüncü oxunuşa çıxarılmadı, qəbul olunmadı. Nəhayət 2 il bundan qabaq mən iclasda Baş nazir Əli Əsədovdan xahiş etdim, o da göstəriş verdi ki, Məcəllə təcili hazırlansın. İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çox sağ olsun, bu Məcəlləni hazırladılar. Həm Maliyyə, həm Ədliyyə Nazirliyi, həm də digər qurumlar ilə bu sənədi razılaşdırdılar. O cümlədən, Azərbaycan hökuməti də baxıb rəy verdi və Məcəllə Prezident Administrasiyasına göndərildi. Hazırda bu Məcəlləyə Prezident Administrasiyasında baxılır. Biz təklif edəcəyik ki, bu məsələ yaz sessiyasının gündəliyinə salınsın”, - deyə deputat qeyd etdi.

Millət vəkilinin fikrincə, Rəqabət Məcəllənin qəbul edilməsi çox vacibdir:

“Birincisi, monopoliyanın qarşısı alınacaq. İkincisi isə qiymət siyasətinə müəyyən qədər öz təsirini göstərəcək. Bazarda haqsız rəqabəti aradan qaldıracaq. Haqlı rəqabət olacaq. Bütün sahibkarlar eyni səviyyədə işləyə biləcəklər. Yəni Məcəllənin qəbulu indiki zamanda çox vacibdir. Biz çalışırıq ki, bu Məcəllə 2023-cü ildə qəbul edilsin”.

Nərmin VÜQARQIZI