ADU-da 20 Yanvar şəhidləri anıldı -FOTO
Yanvarın 18-də Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla 20 Yanvar tarixinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə qürur və başucalığı gətirən günlərdən biri kimi, xalqımızın qəhrəmanlıq səhifəsinə daxil olub, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib:
“Bu gün hər birimiz şəhidlərimizin əziz xatirəsi qarşısında öz hörmət və ehtiramımızı bildiririk. Onlar Vətəni bütövləşdirən, milli kimliyimizi qoruyub saxlayan qəhrəman oğul və qızlarımızdır. Tarix boyu azadlıq, müstəqillik uğrunda mübarizə aparan Azərbaycan övladları gələcəyimizin işıqlı və parlaq olması üçün şirin canlarından keçdilər.
Bu gün hər birimiz bu tarixin möhtəşəmliyini və əzəmətini başa düşürük və gələcək nəsillərə bu möhtəşəmliyi və əzəməti ötürərək şəhidlərimizin böyük fədakarlığını bir daha anlamış oluruq”.
Bildirilib ki, faciədən bir gün sonra Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Şəhid Ülvi Bünyadzadənin bacısı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə hər il anım günü ilə bağlı Azərbaycan Dillər Universitetində olduğunu söyləyib. Xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğunu bildirib. O, şəhidlərin ölməzliyi, əbədiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov Azərbaycan tarixinə şərəflə yazılan 20 Yanvar gününün xalqımızın qan yaddaşına həkk olunduğunu bildirib. Qeyd olunub ki, xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Samirə İmanova 20 Yanvar faciəsini tarixi aspektdən təhlil edib:
“1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. Ulu öndər Heydər Əliyev bəyan etmişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”.
Tədbir tələbələrin sualları ilə davam edib.