Qanla yazılan qürur tariximiz
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Həm kədər, həm də qürur doğuran səhifəmizə çevrilən və Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisəsi XX əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.
Qanlı yanvar hadisələri təkcə paytaxt Bakını deyil o cümlədən fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda Naxçıvanda, Neftçalada və Lənkaranda da həyata keçirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş (8 nəfər Lənkaranda öldürülmüşdür ), 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Bu olay faciə kimi qeyd edilsə də, bu faciənin alt qatında həm də şərəf və ləyaqət hissi var. Çünki, bu hadisədən öncə də zaman “Ya ayağa qalx öz dövlətini qur, dünya millətləri sırasında dayan, dövlətini bərpa et, ya da məhv ol ayrı-ayrı dövlətlərin payına çevril” – deyə Azərbaycan xalqını sınağa çəkib.. 1918-ci il 28 mayda da bu sual dayanmışdı. O vaxt Avropanın qabaqcıl düşüncələrinə yiyələnmiş bir qrup şəxsiyyət başa düşdü ki, bu tarixi missiyanı üzərlərinə götürə bilərlər. Onlar bu missiyanı yerinə yetirərək Azərbaycan Xalq Cümhuriyyəti adlanan dövlət qurdular. Bu dövlət 23 ay yaşadıqdan sonra sovet işğalına məruz qaldı. Həmin tarixi məsuliyyət yenidən 1990-cı illərdə Azərbaycan xalqını sınağa çəkdi. O vaxt millətin ayağa qalxmasına səbəb Dağlıq Qarabağ məsələsinin gündəmə gəlməsi idi. Çünki, tarixi ərazilərimizin əlimizdən çıxma təhlükəsi yaranmışdı. Ona görə də xalq Topxanada kəsilən ağacın təəssübkeşi kimi ayağa qalxdı. Bu xalqın iradəsinin ifadəsi idi. Xalq yenə də özünün ləyaqətini, şərəfini, torpağını qorumaq üçün Azadlıq Meydanına toplandı. Bu, SSRİ adlı imperiyanın laxlaması dövründə baş verdi. Azərbaycan xalqının milli iradəsini qırmaq üçün 20 Yanvar faciəsi öncəsi Sumqayıt hadisələri törədildi. 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsidir. Bu faciə imperiyanın əsl sifətini açıb göstərdi. Təəssüf ki, o zaman da dünya Azərbaycan həqiqətlərinə ikili standartlarla yanaşdı. Bütün məsələlərdə Sovet İttifaqına qarşı olan ABŞ və Qərb ölkələri Azərbaycana hərbi müdaxiləsinə münasibəti obyektiv reallığı əks etdirmirdi. Bu ölkələrdə dərc olunan qəzetlərdə bu hadisələr qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri olduğunu bildirmişdir. Nəticədə, Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. 1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı iflic vəziyyətinə - informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. O günlərdə Azərbaycan xalqı sanki başsız qalmışdı. Amma millətin səsini imperiyanın baş şəhərində Ümummilli lider ifadə etdi. O vaxt siyasi səhnədən kənarda olan Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı. İmperiya rəhbərliyini qatil adlandıran Ulu öndər Heydər Əliyev faciənin törədilmə səbəblərini və təşkilatçılarının adlarını açıqladı. 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb edən Heydər Əliyevin Moskva nümayəndəliyindəki tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq, dünyaya yayıldı. Bu çıxış məhz o zaman informasiya blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar faciəsinə əsl siyasi qiymət idi. Süni qəhrəmanların ortadan qeyb olduğu zamanda xalq qəlbində əbədi liderlik mövqeyi fəth edən Öndərinin səsindən güc alıb imperiyanın qərarının üzərindən xətt çəkdi və 20 Yanvar şəhidlərini Bakının ən görkəmli yerində dəfn etdi. Bununla da sübuta yetirdi ki, xalqın iradəsi qırılmazdır, xalq bir olanda hər şeyə qadirdir. 20 Yanvar hadisəsi ilə dəfn edilməkdə olan Sovet İmperiyasının tabutuna sonuncu mıx vuruldu. Bu mıxı da vuran Azərbaycan xalqı oldu. Eyni vaxtda
Yaşadığımız qanlı tarix göstərdi ki, Sovet imperiyası uzun müddət yaşaya bilməz. 20 Yanvar faciəsindən təxminən bir il sonra SSRİ məhv oldu. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir. 33 il öncə Xalqın səsini dünyaya çatdıran Ümummilli Liderin layiqli varisi prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın iradəsini ən yüksək beynəlxalq tribunalarda ifadə edir. Ali Baş Komandan kimi Zəfər savaşı ilə 20 yanvardan başlayan qürur tariximizə yeni şərəfli səhifə əlavə etdi. Bu gün Azərbaycanın ərazi bütövlüyünü təmin edərək regionun lider dövlətinə çevrilməsi həm də şəhidlərimizin ruhun şad edən faktdır. Ötən əsrin əvvəllərində Topxana meşəsinin qırılmasına görə ayağa qalxan, sinəsini tanklara sipər edən şəhidlərimizin övladları bu gün də Qarabağda ekoloji cinayətlərə etiraz olaraq ayaqdadır. Bu həm də bir millətin azadlıq və milli haqqı uğrunda mübarizəsinin varislik ənənəsidir. Belə bir xalq ancaq qürur və şərəf tarixinə layıqdir!
Fəzail İBRAHİMLİ,
Milli Məclis Sədrinin müavini