Fizika İnstitutunda 20 Yanvar şəhidləri yad edildi
Fizika İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Redaktor.az xəbər verir ki, öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb. A.Həşimov qeyd edib ki, 20 Yanvar facicəsi zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfərə yaxın yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200-ə yaxın ev isə dağıdılıb. Bildirib ki, hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınayıb, ifşaedici və cəsarətli bəyanat vermişdi. Ümummilli lider bu hadisəni xalqa qarşı cinayət adlandırmışdı. O, 20 Yanvar hadisələrinə əsil siyasi qiymətin ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini vurğulayıb: “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanın imzalanması bunun bariz numunəsidir.
Akademik A.Həşimov ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı, Azərbaycan Respublikasinın Prezidenti İlham Əliyevin göstərdiyi siyasət və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın düşmən əsarətindən azad olunduğunu bildirib.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva 1988-1989-cu ildən etibarən Azərbaycanda xalq hərəkatı başladğını bildirib. Qeyd edib ki, Hələ Sovet İttifaqı dövründə Ermənistan əzəli Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürürdü. S.Mehdiyeva bildirib ki, Azərbaycan xalqı Qanlı Yanvar hadisləri zamanı öz birliyini göstərdi. O, həmin dövrdə xalqın milli azadlıq, demokratiya Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağ uğrunda birləşdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı eyni birliyi, həmrəyliyi II Qarabağ müharibəsində də göstərdi. Xalqın mübariz oğulları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən əsarətindən azad etdilər. O, Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimizin müstəqilliyini qoruya bildiyini, güngündən inkişaf etdiyini bildirib.
Tədbirdə, həmçinin, fizika-riyaziyyat elmləri doktoru Kamil Qurbanov, fizika üzrə fəlsəfə doktoru Həsən Əsgərov və Fizika İnstitutu Yeni Azərbaycan Partiyasının ərazi üzrə Partiya Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova çıxış ediblər. Onlar 20 Yanvar faciəsi, onun nəticələri, SSRİ rəhbərliyinin cinayətkar əməllərindən danışıblar. Bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin, məhz, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıblar.