Vasif Talıbov İrana torpaq satıb? – Naxçıvanın 21 hektar torpağı il yarım əvvəl İrana verilib!

 19:28 19.01.2023     732

Naxçıvanda Vasif Talıbovun dönəmində yol verilmiş daha bir ağır dövləti cinayətin üstü açılır.

Redaktor.az xəbər verir ki, “AzPolitika.info”ya daxil olan məlumata görə, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb! Belə ki, Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. min istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

 

Ərazinin 2 il əvvəlki görüntüsü

Qeyd edək ki, “Dövlət sərhədi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb - Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub. Lakin təxminən il yarım əvvəl ağır texnikanın köməyi ilə barəsində danışdığımız istiqamətdə Araz çayının əsas yatağının dəyişdirilməsi işlərinə başlanılıb.

Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.

 

Dövlət sərhədi geri çəkiləndən sonrakı görüntü

“AzPolitika.info” araşdırıb ki, internetdə rəsmi və qeyri-rəsmi bütün mənbələrdəki xəritələrdə sözügedən 21 hektar Azərbaycan dövlətinin ərazisi kimi görünür. Habelə, iki il əvvəl peykdən çəkilən fotolarda da həmin yerin Azərbaycan Respublikasının ərazi hüdudlarına daxil olduğu aydın görünür (Foto yazıda təqdim olunur). Naxçıvan rəhbərliyi ilə İran arasında il yarım əvvəl mahiyyəti qaranlıq olan sövdələşmədən sonra isə tamamilə fərqli mənzərə ortaya çıxıb. Belə ki, Google.map-dan çəkilən bu fotolarda 21 hektarlıq ərazinin artıq İran İR-a məxsus olduğu göstərilir.

 

Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Məlumdur ki, Azərbaycanda dövlət sərhədinin dəyişdirilməsi ilə bağlı Milli Məclisdə müzakirələr aparılmayıb, nə də ölkədə belə bir referendum keçirilməyib. Beləliklə, aydınlaşır ki, Respublikanın Şərur rayonunun Ərəbyenicə kəndi istiqamətindəki ərazisinin bir hissəsi (21 hektar) dövlətə qarşı ağır cinayət törədilməklə, İrana verilib. Naxçıvan rəhbərliyi bu addımı niyə atıb - ərazini satıb, bağışlayıb, yoxsa, hansısa başqa sövdələşmənin predmetinə çevirib, bu məlum deyil və təbii ki, buna Azərbaycanın müvafiq dövlət strukturları aydınlıq gətirməlidir.

“AzPolitika.info” saytı məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlayıb. Lakin hələ ki, susqunluq nümayiş etdirilir.

“Dövlətə xəyanət maddəsi ilə ömürlük azadlıqdan məhrum edilməlidir!”

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Naxçıvan istiqamətində dövlət sərhədinin özbaşına dəyişdirilməsi faktını “AzPolitika.info”ya belə şərh edib:

“Naxçıvan istiqamətində dövlət sərhəddini müəyyən edən Araz çayının yatağının dəyişdirilməsi yolu ilə 21 hektar torpağın İrana verilməsi barədə məlumat məni sarsıtdı. Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır!

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə, heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Ona görə, bir daha söyləyirəm, xalqımıza qarşı bu ağır cinayətin törədilməsi təsdiq olunarsa, dərhal deputat istintaq qrupu yaradılmalı, məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə şıxarılmalı, İran tərəfdən bu cinayətdə iştirak etmiş şəxslərin də cəzalandırılması tələb olunmalıdır”.