BİR SEVGİ TARİXİ YAZDI FƏRİZƏ

 14:33 20.01.2023     581

Çəkib sinəmizə dağı o axşam,
Bakını tutmuşdu yağı, o axşam.
İlahi, nə idi axı o axşam?
O axşam, vətənə sevgidən təzə,
Bir sevgi tarixi yazdı Fərizə.

Sevənlər olubdu hər vaxt, hər vədə,
Heç sevən olmayıb belə, bəlkə də.
Leylini, Şirini qoyub kölgədə,
Sevib-sevilməyi öyrətdi bizə,
Bir sevgi tarixi yazdı Fərizə.

Hələ unutmamış toy sədasını,
Geyməli olmuşdu vay libasını.
Pak tutub eşqini, öz butasını,
Ölümlə, əcəllə durub üz-üzə,
Bir sevgi tarixi yazdı Fərizə.

O gecə öldürdü şər, İlhamını,
Vətənə bir arxa, nər İlhamını.
Şəhid zirvəsində ər İlhamını,
Görüncə özü də etdi möcüzə,
Bir sevgi tarixi yazdı Fərizə.

Şərəfdir şəhidlik həm din eşqinə,
Sevdiyin igidin, mərdin eşqinə,
Vətənin, millətin, yurdun eşqinə,
Şəhid qanı axan hər yol, hər izə,
Bir sevgi tarixi yazdı Fərizə.

Müəllif: Aqşin Hacızadə