Laçın yolundakı aksiya 41 gündür davam edir

 09:03 21.01.2023     246

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 41 gündür davam edir.

Redaktor.az xəbər verir ki, ekofəallar bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Yol humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

Dünən Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 65 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.