“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti 20 Yanvarla bağlı başsağlığı verdi

 10:36 21.01.2023     386

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bununla əlaqədar Dostluq Cəmiyyəti tərəfindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məktub daxil olub. Məktubda qeyd olunur ki, Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi yazılmış 20 Yanvar hadisələri Azərbaycanın azadlıq və müstəqilliyə gedən yolun, qardaş xalqın qəhrəmanlığının, şanlı tarixinin və birliyinin bariz göstəricisidir.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri Erkin Nuriddinov məktubda qeyd edib ki, Azərbaycan xalqının azadlıq ideyalarını boğmaq məqsədilə törədilmiş bu cinayət qardaş xalqın müstəqillik uğrunda apardığı mübarizə əzmini qıra bilməmiş, xalqın milli-azadlıq və müstəqillik hərəkatına güclü təkan vermişdir. Şəhidlərin qanı yerdə qalmamış və bu gün dünya xəritəsində Azərbaycan adlı müstəqil dövlətin adı var və bu dövlətin bayrağı daim yüksəkliklərdə dalğalanır, deyə məktubda vurğulanır.

Məktubda qeyd olunur: Şəhidlərin qanı yerdə qalmamış, Azərbaycan torpaqları azad olmuş və bu gün müstəqil Azərbaycan dünya məmləkətləri arasında əzmlə tərəqqi edir, regionun lider dövlətinə çevrilib.

Məktubda sonda “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti bir daha 20 yanvar hadisələri zamanı vətənin azadlığı və suverenliyi uğrunda şəhid olan bacı və qardaşlarıın, bütün şəhidlərin əziz xatirəsini hörmətlə yad edərək, onların ailələrinə, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Özbək dilində olan məktubu “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Azərbaycan dilində şəhidlər haqqında kəlamla başa çatdırır: “Şəhidlər ölməz, Vətən bölünməz! ”.