Milyonlarla vəsaitə alınan monitorlar indi dayanacaqlarda çürüyür...

 18:48 23.01.2023     1729

Bir müddət əvvəl Bakı şəhərində avtobus dayanacaqlarında avtobusların gəlmə intervalını göstərən monitorlar (Avtobus İnformasiya Terminalı) fəaliyyət göstərirdi. Lakin uzun müddətdir ki, bu monitorlar işləmir. Hətta bəziləri çürüməyə başlayıb.

Bəs, bu monitorlar fəaliyyətini itiribsə, niyə yığışdırılmır? Yoxsa, həmin monitorlar yenidən istifadəyə veriləcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) Sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirdi ki, qeyd edilən monitorlar 2011-ci ildə quraşdırılıb.

Onun sözlərinə görə, 2016-cı ildən edibarən BNA fəaliyyətə başladığı dövrdə artıq həmin avadanlıqlar texniki cəhətdən köhnəlib və hər hansı bir yenilik işlərinin görülməsi mümkün olmayıb:

"Hazırda Bakı şəhəri üzrə müntəzəm marşrutların nağdsız ödəniş sisteminə keçid işləri davam etdirilir. Mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaradılıb. Həmin mərkəz tərəfindən avtobusların real vaxt rejimində izlənilməsi həyata keçirilir. Eyni zamanda sərnişinlərin mobil tətbiq vasitəsilə avtobusların dayanacaq məntəqəsinə çatmasına dair məlumat alması istiqamətində işlər aparılır".

Qeyd edək ki, qeyd olunan dövrdə Bakıda dayanacaqlarda 611 monotor quraşdırıldığı bildirilir. Cənubi Koreyanın “SK C&C” şirkətinin istehsalı olan həmin monitorunun bir ədədi isə 10 min ABŞ dollarına alınıb. Göründüyü kimi, dövlətin milyonlar xərcləyib aldığı bu avadanlıqlar dayanacaqlarda çürüyür.

Həmidə İbrahimova