Metroda maşinist qəfil vəfat edərsə, nə baş verər? - AÇIQLAMA

 17:32 23.01.2023     1152

Bu gün “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Bəs, metroda işləyən maşinistlər hər gün işə başlamazdan əvvəl tibbi müayinədən keçirmi? Digər tərəfdən, əgər sərnişin qatarının maşinisti qatarı idarə edərkən qəfil vəfat edərsə və yanında köməkçisi olmazsa, o zaman nələr yaşanar?

Ümumiyyətlə, bu peşə sahibləri neçə yaşında pensiyaya çıxırlar?

Məsələ ilə bağlı Redaktor.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, baş vermiş hadisə sərnişin qatarında olmayıb, təsərrüfat qatarında olub.

Onun sözlərinə görə, motovoz gecə növbəsində metropoliten xətlərində mal materiallarının, avadanlıqların daşınması, eyni zamanda tuneldə yığılan qırıntıların, tullantılarının daşınması üçün istifadə olunur.

"Həmin motovozları iki nəfər idarə edir, biri maşinist və digəri onun köməkçisi olur. Sərnişin qatarları ilə bağlı isə vəziyyət tamamilə fərqlidir. Bütün dünya təcrübəsində olduğu kimi hər bir qatarı bir maşinist idarə edir. Onların sağlamlığı gün ərzində də davamlı olmaq şərti ilə diqqətdə saxlanılır. Maşinist birinci işə başlamazdan əvvəl tibbi müayinədən keçir, o cümlədən arterial təzyiqin yoxlanması, ürəyin yoxlanması, alkotestdən keçirilməsi və sair olur. Bunların hər biri peşəkar tibbi briqada tərəfindən həyata keçirilir, yəni tam müstəqil şəkildə. Maşinistin bütün bu məlumatları həm də arxiv kimi yığılaraq müntəzəm olaraq diqqətdə saxlanılır. Bundan əlavə olaraq maşinistlər səhər tezdən və günorta axşam növbəsində işə başlamazdan əvvəl mütləq qaydada psixoloji durumu da xüsusi qiymətləndirilir və gün ərzində maşinistlər tam nəzarətdə saxlanılırlar".

B.Məmmədov onu da qeyd etdi ki, metropolitendə sərnişin qatarlarını idarəetmə sistemində bir funksiya var ki, maşinist tam idarəetməni itirərsə, qatar özü tam dayanana qədər sürəti azalır və dayanır:

"Təbii ki, qatarlarımız sahələri qət edirlər. Qatar sürət həddini aşırsa avtomatik siqnal işə düşür. Maşinist dərhal reaksiya vermirsə, qatarın əyləci sürət sıfıra düşənə qədər dayanır. Qatarların bir birinə toqquşmasına gəldikdə isə, sahələr sözünü məhz ona görə işlətdim ki, qatar bir sahəni tərk etməmiş digər qatar həmin sahəyə daxil ola bilmir. İşıqfor sistemi avtomatik qoşulur və qatar dayanır. Yəni bu mənada bu günə qədər "Bakı Metropoliteni"ndə hər hansı belə bir neqativ hal yaşanmayıb və bundan sonra da məhz qeyd etdiyim texniki və tibbi yoxlamalar və bütün bunların hamısını nəzərə alaraq baş verməsi də qeyri mümkündür".

Maşinistlərin nə vaxt pensiyaya çıxması sualına gəldiksə isə qurum rəsmisi bildirdi ki, onlar 65 yaşında təqaüdə çıxır:

"Vəfat edən şəxsin isə pensiyaya çıxmasına bir ay yarım vaxtı var idi".

Həmidə İbrahimova