Rayonlarda niyə Yanıq Mərkəzləri yoxdur?

 18:04 23.01.2023     315

Xəbər verdiyimiz kimi, Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə baş verən yanğın zamanı 4 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb. Yanğında xəsarət alanlar isə Bakıya gətirilib. 

Həmin xəstələrin paytaxta gətirilməsi isə təbbi olaraq belə bir sual yaradır: Rayon xəstəxanalarında niyə yanıq mərkəzləri, bu sahədə mütəxəssislər yoxdur? 
Niyə xəstələr uzun bir yolu Bakıya gətirilməyə məcbur qalır?

Mövzu ilə bağlı  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, regionlardakı tibb müəssisələrinin Təcili yardım şöbələrində yanıq xəsarəti alan şəxslərə ilkin zəruri müayinə və yardım göstərilir.

"Daha sonra xəsarət alanlar yüksəkixtisalı tibbi xidmətin göstərilməsi məqsədilə ixtisaslaşdırılmış mərkəzə təcili yardım briqadasının müşayiəti ilə təxliyə olunurlar. Uzun illərdir ki, ixtisaslaşmış Yanıq Mərkəzi fəaliyyət göstərir. Hazırda həmin mərkəz Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyətdədir. Xəstələr Bakı şəhərindəki tibb müəssisələrinə səviyyələrə uyğun olaraq (multidissiplinar və ya yüksək ixtisaslaşmış tibb müəssisələri olmaqla) profil və ağırlıq dərəcələrinə əsasən, ehtiyac olduğu təqdirdə həkim dəyərləndirilməsindən sonra müvafiq təlimata uyğun olaraq köçürülürlər",-deyə qurumdan bildirildi.

Həmidə İbrahimova