6 istiqamət avtobus marşrutları müsabiqəyə çıxarıldı

 18:30 23.01.2023     250

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı, Bakı-Quba-Bakı, Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Redaktor.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 10-u saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə fevralın 27-si saat 17:00-dək AYNA-ya təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təkliflərini komissiya AYNA-nın inzibati binasında Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı istiqamətlərində 3 Lot üzrə martın 7-də, Bakı-Quba-Bakı istiqamətində 4 Lot üzrə martın 10-da, Bakı-Qusar-Bakı istiqamətində 4 Lot üzrə martın 14-də, Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində 4 Lot üzrə martın 17-də müsabiqə keçirilən zaman açacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.