“Azərsu”da yubiley tədbirlərinə start verildi  - FOTO

 19:33 23.01.2023     463

2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətində yubiley tədbirlərinə start verilib.

Redaktor.az xəbər verir ki, yubiley tədbirlərinin açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.

“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev ulu öndər Heydər Əliyevin ölkəmizdə su təsərrüfatı sektorunda tarixi xidmətlərindən danışıb: “1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sistemi yaradılıb, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin 3-cü növbəsi istismara verilib. Respublikanın bir çox rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yaradılıb. Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasına səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olub”.

İ.Tağıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün “Azərsu” ASC-də Komissiya yaradılıb və Tədbirlər Planı təsdiq edilib: “Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri mövzusunda konfransların keçirilməsi, filmin və kataloqun hazırlanması, media nümayəndələrinin Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri, yubileylə əlaqədar idman yarışlarının, ağacəkmə və qanvermə aksiyalarının, rəsm sərgisinin keçirilməsi nəzərdə tutulur”.

Yubileylə əlaqədar idman yarışlarına start verilib. Minifutbol, tennis, şahmat, dama, nərd, domino və ağırlıqqaldırma üzrə yarışlarda Cəmiyyətin 388 əməkdaşı qüvvəsini sınayacaq.