Vaqif Axundovun rüşvətə görə tutulan polkovnik bacısı oğlu niyə azadlıqdadır? - FOTO

 20:14 23.01.2023     638

Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polkovnik Vaqif Axundovun bacısı oğlu Vüsal Babayevlə bağlı hökmün detalları bəlli olub.

Redaktor.az "qafqazinfo"ya istinadla bildirir ki, V.Babayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il şərti cəza alaraq azadlıqda qalıb.

Hökm bir müddət əvvəl çıxarılsa da, məlumat ictimaiyyətdən gizli saxlanılıb.

Belə ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunub, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Məhkəməsi dövründə o, ev dustaqlığında olub. Hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilib və 8 il şərti cəza alıb.

Qeyd edək ki, V.Babayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi olub.

O, sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub.

Barəsində cinayət işi başlandıqdan sonra işdən azad edilib.

Onun dayısı general-polkovnik Vaqif Axundov isə 2003-2020-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi olub.