Əvvəl dayanacaq var idi, avtobus keçmirdi, indi avtobus keçir, dayanacaq yoxdur - FOTO

 16:35 25.01.2023     1373

Bir müddət öncə Bakıda fəaliyyətə başlayan E1 ekspres marşrut xətti üzrə şikayət var.

Belə ki, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanı ilə üzbəüz yerləşən 49 nömrəli tam orta məktəbin valideyn və müəllim kollektivi bu barədə saytımıza məlumat veriblər.

Onların sözlərinə görə, əvvəllər məktəbin yanında dayanacaq var idi, avtobus yox idi, indi isə avtobus var, dayanacaq yoxdur:

“Əvvəllər məktəbin qarşısında dayanacaq povilyonu var idi. Amma bu yoldan avtobus keçmirdi deyə məktəblilər, valideyn və müəllimlər müəyyən məsafəni qət edib Bayılın mərkəzindəki yoldan keçən avtobuslarla "20-ci sahə" və Bibiheybət qəsəbəsi istiqamətinə gedirdilər. İndi isə E1 avtobusu məktəbin qarşısındakı yoldan keçməsinə baxmayaraq, buradakı povilyonu söküb aparıblar. Biz istəyirik ki, həmin povilyonu qaytarıb yerinə qoysunlar və E1 burada da saxlasın, şagirdlər, valideynlər, müəllimlər bu avtobusdan istifadə etsinlər. Bu qədər insanın olduğu bir yerdə avtobus saxlamır, amma məktəbdən Azneft meydanına doğru 300-400 metr uzaqlıqda olan dayanacaqda saxlayır. Hansı ki, orada avtobusa minən də yoxdur. Amma məktəbin qarşısında dayansaydı "Jurnalistlər binası", Bibiheybət qəsəbəsi, Lökbətan istiqamətinə gedən sərnişinlər bu avtobusdan istifadə edərdilər. Yəni 300 metr məsafəni qət edib geriyə avtobus dayanacağına gedib 50 qəpiklik E1-ə minməkdənsə, 200 metrlikdəki - Bayılın mərkəzi yolundakı dayanacağa gedib, qeyd etdiyimiz istiqamətlərə 30 qəpiklik 5, 6, 88, 120, 125 (40 qəpik) və 205 nömrəli avtobuslardan istifadə etmək daha sərfəlidir. Amma E1 məktəbin qarşısında dayansa, gediş haqqı 50 qəpik olmasına baxmayaraq, yağışda, qarda, küləkdə, istidə bu marşruta minmək istəyib daha tez zamanda mənzil başına çatmaq istəyənlər də olacaq. Xahiş edirik dayanacaq povilyonunu Dövlət Bayrağı Meydanı ilə üzbə-üz 49 nömrəli məktəbin qarşına qaytarsınlar və E1 burada da saxlasın".

Mövzu ilə bağlı Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) Sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirdi ki, E1 nömrəli ekspres marşrut sərnişinlərin “Xalqlar Dostluğu” metro stansiyasından “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat, sürətli və birbaşa gedişlərinin təmin olunması məqsədi ilə təşkil edilən və hərəkət sxemi əsas cəlbetmə məntəqələrində dayanmaqla təsdiq olunub.

“Qeyd edilən dayanacaq məntəqəsi (49 nömrəli məktəb) əsas cəlbetmə məntəqəsi olmadığından marşrutun həmin dayanacaq məntəqəsində dayanması ekspres rejimə mənfi təsir göstərəcəyi səbəbindən məqsədəuyğun hesab edilmir.

49 nömrəli məktəbə çatmamış dayanacaq məntəqəsi mövcuddur (Bayraq Meydanı). Həmin dayanacaq məntəqəsi ilə 49 nömrəli məktəbin qarşısındakı dayanacaq arasındakı məsafə təqribən 280 metr təşkil edir. Bu səbəblə hər iki dayanacaqda dayanması “Ekspress rejim” ə uyğun deyil”.

Buna baxmayaraq, o, valideyn və müəllim kollektivinin müraciətini diqqətdə saxlayacaq:

“Yenidən ərazidə təhlillər aparılacaq və təlabatın yarandığı müəyyən edilərsə, yeni dayanacağın quraşdırılması və ya yerinin dəyişdirilməsi məsələsinə baxılacaq”.

Nərmin VÜQARQIZI

2222