Giləzi-Xızı avtomobil yolu əsaslı təmir edilir

 13:47 25.01.2023     260

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsində əsaslı təmir işlərinə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri çərçivəsində yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür. Daha sonra yeni yol əsasının inşası və yeni asfalt-örtüyünün döşənməsi işləri görüləcək.

Bundan başqa zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olmaqla piyada səkilərinin inşası həyata keçiriləcək, yararsız səki daşlarının və drenaj xəttlərinin yenilənməsi işləri aparılacaq. Sonda isə yolcizgi və yolgöstərici xətləri, həmçinin piyada zolaqları çəkiləcək.

Xatırladaq ki, uzunluğu 3 kilometr təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.