İrana casusluq edən gəmi kapitanının məhkəməsi başlayır

 21:55 25.01.2023     242

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Redaktor.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, ötən ilin noyabr ayında İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində həmin ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. O, ötən dövrdə onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov həmin məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Zahir Əsgərov ötən ilin noyabr ayında DTX tərəfindən həyata keçirilən əməliyyat zamanı həbs olunub.

Gəmi kapitanı barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.