“Şirməmməd Hüseynov mükafatı”nın qalibi səfir oldu

 13:59 26.01.2023     234

2022-ci il “Şirməmməd Hüseynov mükafatı”nın qalibi artıq məlumdur.

Redaktor.az xəbər verir ki, bu barədə “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

O, qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı”nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2022-ci ildəki qalibi Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda ölkəmizin Bosnya və Herseqovinadakı səfiri Vilayət Quliyev olub.

“Əslində mükafatın qalibinin adı ötən ilin dekabr ayında açıqlanmalı idi. Lakin müəyyən obyektiv səbəblərdən proses bu günlərdə yekunlaşdı. Ümumilikdə Komissiya üzvləri tərəfindən 6 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikri ilə sabiq xarici işlər naziri, diplomat, filologiya elmləri doktoru Vilayət Quliyev qalib elan olundu”.

A.Hüseynli deyib ki,Vilayət Quliyevin həm xarici işlər naziri, həm səfir, həm də tədqiqtçı alim kimi fəaliyyəti, xüsusilə də Cümhuriyyət Qurucuları barədə araşdırmaları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. “Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”. 

“Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistlər Birlyinin İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixdə qəbul edilib. 

2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi  diplomat, araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.