"Selnet” niyə normal internet verə bilmir? - Nazirlikdən AÇIQLAMA

 13:11 28.01.2023     3661

Azərbaycanda internetlə bağlı problemlər bitmək bilmir. Tez-tez həm mediada, həm sosial şəbəkələrdə internet provayder şirkətlərindən narazılıqlarla qarşılaşırıq.

Redaktor.az saytı olaraq, biz də tez-tez sürətin zəifləməsinə və ya internet verilişinin tamamilə dayanması halları ilə üzləşirik.

Redaksiyamızı fasiləsiz internet ilə təmin etməyə borclu olan “Selnet” MMC şirkətinin fəaliyyəti heç gündəlik iş saatımız çərçivəsində bizi qane etmir. Belə ki, dəfələrlə internet kəsilib. Bəzən bu fasilə, nəinki, 40-50 dəqiqə, hətta 16-17 saat çəkib.

Problem ilə bağlı şirkət ilə hər dəfə əlaqə saxladıqda da, sanki Azərbaycan dilində bir söz bilirlər – “düzələcək”.

Beləliklə, adıçəkilən şirkət iş fəaliyyətimizə ziyan vurmaqla yanaşı, əsəblərimizi də korlayıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik.

Qurumdan Redaktor.az-a cavab olaraq bildirildi ki, abunəçi olduğumuz “Selnet” MMC internet provayderinin fəaliyyəti barədə 23.12 2022-ci il tarixli müraciətimizə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən baxılıb.

“Bununla əlaqədar bildiririk ki, müraciətiniz aidiyyəti üzrə araşdırılıb və qeyd olunan ərazidə mütəmadi olaraq elektrik enerjisinin kəsintisi səbəbindən "Selnet” MMC-ə məxsus internet avadanlıqlarında nasazlıq yarandığı müəyyən edilib və sözügedən avadanlıqlar yenisi ilə əvəz edildikdən sonra internet xidmətinin normal işi təmin edilib”, - deyə qeyd edilib.

Əlavə olaraq bildirilib ki, ölkəmizdə 2000-ci ildən etibarən internet provayderlərinin fəaliyyəti üçün lisenziya tələb olunmur.

“Provayderlər tərəfindən abunəçilərə xidmətlər, tərəflər arasında bağlanan müqavilə əsasında təqdim edilir. Mübahisəli hallarda tərəflər razılığa gəlmədikdə, məsələ Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir”.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə etdiyimiz sorğuya gələn cavabdan sonra da qısa müddətə də olsa, redaksiyamıza internetin verilişində iki dəfə kəsinti yaranıb.

Nərmin VÜQARQIZI

2