"Qaz xəttinə ən çox Sabunçu rayonunda qanunsuz qoşulma var"

 15:10 27.01.2023     375

"Bizim hazırda ən böyük problemlərimizdən biri qeyri-qanuni qoşulmalarla bağlıdır. Bu mənada bizi ən çox incidən Sabunçu rayonudur. Mən hətta deyərdim ki, həftə ərzində Sabunçu rayonunda qaz xətlərinə qanunusuz qoşulmalarla bağlı 30-a yaxın fakt qeydə alınıb. Bu, böyük rəqəmdir. Çünki mütəmadi olaraq bununla bağlı yoxlamalar aparılır".

Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Bakı regional Qaz istismarı departamentinin rəisi Rauf Əhmədov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, pozuntu halları yerində aşkar edilir:

"Bunların da aradan qaldırılması, şəbəkənin yenidən normal vəziyyətə gətirilməsi ilə üçün məcburən qaz təchizatı dayandırılır. Vətəndaşların məsuliyyətsizliyi nəticəsində böyük bir ərazidə digər insanlar qaz təchizatındakı fasilədən əziyyət çəkirlər. Biz məcburən bunları aradan qaldırmalıyıq. Ona görə də, tövsiyəmiz odur ki, vətəndaşlarımız belə hallardan qaçsınlar. Doğrudur, qeyd etdiyim kimi, xüsusi qruplar var ki, 24 saat bütün şəbəkəyə nəzarəti yerinə yetirirlər. Lakin müəyyən zaman çərçivəsində gözümüzdən qaçanlar da olur."

Həmidə İbrahimova