"Tehrandakı səfirliyimizə hücum eyni zamanda Azərbaycan ərazisinə hücumdur" - Deputat

 15:53 27.01.2023     600

"İranda baş verən məlum terror hadisəsi ilə bağlı ilk öncə Şəhid olan həmvətənimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Olduqca çirkin terror aktıdır və bu terror aktının iştirakçıları mütləq cəzalandırılacaqdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktına münasibət bildirərkən dedi. Onun fikrincə, məsələnin təhlil etməli olduğumuz bir neçə tərəfi var:

"Birincisi səfirliyin təhlükəsizlik məsələsidir. Həmin səfirlik Azərbaycanın suveren ərazisidir və ora olan hücum eyni zamanda Azərbaycan ərazisinə hücumdur. Düşünürəm ki, birinci istiqamət kimi bunu vurğulamalıyıq. İkincisi, səfirliyin qorunmasına məsul olan tərəf məhz İran dövlətidir və dövlət mütləq şəkildə beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin təhlükəsizliyini təmin etməlidir. Bu hadisə göstərir ki, lazımi tədbirlər vaxtında görülməyib. Alternativ bir müqayisə aparsaq, baxmayaraq ki, İranın Azərbaycana qarşı uzunmüddətli təxribatları olub, Azərbaycan dövləti beynəlxalq konvensiyalara uyğun olaraq İranın Azərbaycandakı səfirliyinin təhlükəsizliyini hər zaman ən yüksək səviyyədə təmin edib. Nəinki İranın, Azərbaycanda akreditə olunmuş bütün səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir".

Deputatın sözlərinə görə, məsələni vacib edən digər tərəf isə həm də o baxımdan araşdırılmalıdır ki, son zamanlar İranın Azərbaycana aqressiyası və orada Azərbaycana qarşı baş verən neqativ hallar mövcuddur.

"Bu baxımdan da araşdırılmalıdır. Düşünürəm ki, güclü Azərbaycan dövləti məsələnin sona qədər araşdırılmasına və cinayətkarların tapılaraq vaxtında cəzalandırılmasına nail olacaqdır", -  deyə Ş.İsmayılov bildirdi.

Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb. 

Turan İSMAYIL