BSU-da tələbələr imtahan verdiyi gün qiymətləri ilə məlumatlandırılır - FOTO

 17:38 27.01.2023     282

Yanvarın 5-dən etibarən Bakı Slavyan Universitetində (BSU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Redaktor.az-ın məlumatına görə, BSU rektorunun müşaviri  Elçin Hüseynov bildirib ki, imtahanlarla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. İmtahanlararası növbəliliyin gözlənilməsi məqsədi ilə  imtahanlar hər iki tədris binasında üç növbədə keçirilir: 

“Məlumat üçün bildirim ki, imtahanlarda ümumilikdə 4238 tələbə iştirak edir. İmtahanlar əsasən yazılı və şifahi keçirilir. Hər fənn üzrə tələbələrin imtahana qədər qiymətləndirmə balları müvafiq fakültələr tərəfindən tələbələrə elan olunub. Tələbələr imtahan verdiyi gün və ya növbəti gün qiymətləri ilə məlumatlandırılır. Akademik borcu olan tələbələr üçün təkrar imtahanlar cari sessiya müddətində keçirililir. Cari sessiyada isə üzrlü və üzrsüz səbəbdən akademik borcu yaranacaq tələbələr üçün təkrar imtahanlar 2 fevral tarixindən 11 fevral tarixinə qədər təşkil olunacaq”.

Elçin Hüseynov bildirib ki, sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədi ilə Operativ Qərargah və müvafiq fakültələr üzrə Apelyasiya Komissiyası yaradılıb.