Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı açıqlandı - SİYAHI

 11:36 28.01.2023     242

Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi haqqında”, Rəqabət Məcəlləsinin layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında”, “Ali təhsil haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələridir.

Bundan başqa, işlər planına digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması da daxil edilib.

Sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vatandaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin iş planı fevralın 1-də keçirilməsi nəzərdə tutulan plenar iclasda müzakirəyə çıxarılacaq.