Şagirdlərə mina təhlükəsinə dair təlim keçirildi

 12:01 28.01.2023     225

Bərdə rayonunun Həsənqaya kəndində 866 mənzilli məcburi köçkün qəsəbəsində yerləşən Ağdam rayon 3 nömrəli tam orta məktəbdə və “Yeni qəsəbə” adlanan ərazidə yerləşən Kəlbəcər rayon 79 nömrəli ümumi orta məktəbdə mina təhlükəsi mövzusunda maarifləndirici təlim keçirilib.

Redaktor.az xəbər verir ki, təlim Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə baş tutub.

Təlimdə məqsəd işğaldan azad edilmiş ərazilərdə aşkarlana biləcək minalar və digər partlamamış hərbi sursatlar, onlarla davranış qaydaları, təhlükəsizlik tədbirləri, bununla əlaqədar müraciət olunacaq aidiyyəti dövlət qurumları barədə müəllimləri və şagirdləri məlumatlandırmaqdır.

Ümumilikdə 300-dən çox şagird və müəllimin iştirak etdiyi təlimdə maarifləndirici broşürlər paylanıb, praktiki məşğələlər təşkil edilib.

Qeyd edək ki, Dövlət Komitəsi mina təhlükəsinə dair maarifləndirici təlimlərin işğaldan azad edilmiş ərazilərə geri qayıdacaq sakinlər arasında mütəmadi təşkilini nəzərdə tutub.

2222