Şəhidimizin nəşini gətirən təyyarə Bakıdadır - YENİLƏNİB -VİDEO

 22:23 29.01.2023     758

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib.

Redaktor.az xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında eniş edib.

Səfirliyin təxliyə olunan əməkdaşları da artıq Bakıdadır. 

***

Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovun cənazəsi Tehranın hava limanından Bakıya yola salınıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan səfirliyinin təxliyə edilmiş əməkdaşları ailə üzvləri ilə birlikdə, habelə səfirliyin terror aktı zamanı yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

Redaktor.az xəbər verir ki, səfirlik əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən təyyarə yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini öldürüb. Səfirliyin iki mühafizə əməkdaşı da yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.