Terrorçunu efir ulduzuna çevirmək İrandan başqa harada görünüb?

 15:54 30.01.2023     302

İran Tehrandakı Azərbaycan səfirliyində baş verən terrakta hələ də ailə-məişət donu geyindirməyə çalışır.

Redaktor.az xəbər verir ki, ekspertlərin fikrincə, hadisədən qısa müddət sonra terrorçunu TV-lərə çıxarıb, müsahibələrini yaymaq da bu məsələdə xüsusi canfəşanlıq göstərdiyinin sübutudur.

Dünyanın heç bir yerində səfirliyə hücum edib, əməkdaşları güllələyən şəxs üçün bu cür efir məkanı təşkil edilmir. Bəs İranın bu ört-basdır canfəşanlığının arxasında nə durur? Bu yolla terrorçunun SEPAH-la əlaqələrinin olduğunu gizlətməyəmi çalışır?

Xatırlayırsınızsa, 2020-ci il yanvarın 8-də "Ukraynanın Beynəlxalq hava yollarına məxsus “Boeing 737-800” təyyarəsi Tehrandan səmaya qalxdıqdan az sonra vuruldu və nəticədə 176 nəfər həlak oldu. Bütün avia və hərbi ekspertlər, hətta radarlar belə, hadisənin bilərəkdən törədildiyini bildirsələr də, ayətullahlar əvvəlcə təyyarənin içəridən partladıldığını, daha sonra, təyyarənin qanadlı raketə bənzədiyinə görə hərbçilər tərəfindən vurulduğunu açıqladılar.

İstənilən halda, Tehran rəsmilərinin həyasız və vecsiz mövqeləri görünür ki, beynəlxalq aləm üçün adi haldı. Xüsusilə vurğulamaq lazımdır ki, hadisə anında Azərbaycan səfirliyinin önündə olan köşkdən çıxan İran polisi əvvəlcə heç nə etmir, sonra isə çıxıb gedir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Şeydayev də bildirir ki, mühafizəyə cavabdeh olan polis səfirliyə hücum edən şəxsin əli silahlı olduğunu görüb onun qarşısını almalı, bu mümkün olmasa belə ən azından onu fikrindən daşındırmağa çalışmalı idi. Amma təəssüf ki, heç birini etmədi. Bu da hadisənin İranın xüsusi xidmət orqanları tərəfindən hazırlandığına işarədir və ilk belə hal deyil. Seymur Şeydayev onu da vurğulayıb ki, İran bu hadisə ilə özünün terrorçu dövlət olduğunu beynəlxalq aləmə sübut etdi (APA.TV).