Samir Şərifov hesabat verdi

 17:14 30.01.2023     302

Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, Maliyyə Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların və yerli maliyyə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mürəkkəb geosiyasi və iqtisadi şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafında olduqca müsbət nəticələrə imza atıldığını, iqtisadi artımın proqnozlaşdırılandan yüksək olduğunu, maliyyə mövqelərimizin daha da möhkəmləndiyini, Dövlət Neft Fondunun və Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının artdığını qeyd edib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli inkişaf Prioritetləri” əsasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin icrasına başlanıldığını, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan Kollegiyanın sədri bildirib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 315 milyon manat vəsait ayrılıb: “Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.

Maliyyə naziri qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər. Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard 463 milyon manat və ya 5 faiz çox icra olunub, proqnozlaşdırılan 32 milyard 304 milyon manat xərclər isə 99,3 faiz səviyyəsində - 240 milyon manat az icra edilib. Dövlət büdcəsinin kəsri ilkin nəzərdə tutulduğundan 55 faiz az olub.

Vurğulanıb ki, dünyada inflasiya meyllərinin güclənməsinin Azərbaycana da göstərdiyi mənfi təsirlərin neytrallaşdırılması məqsədilə sosial-həssas əhali qruplarının gəlirlərinin inflasiyadan qorunması istiqamətində məqsədyönlü tədbirlər görülüb, o cümlədən dövlətimizin başçısının sərəncamları ilə ötən il ərzində pensiyaların, əməkhaqlarının və digər sosial müavinətlərin artırılması ilə bağlı qərarlar qəbul edilib və cari ildə də sosial sahədə bu siyasət davam etdirilməkdədir.

2022-ci ilin həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olduğunu deyən Samir Şərifov bu işlərin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əsasında həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirilib və 8,6 faiz təşkil edib. Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanuna və digər normativ sənədlərə edilən zəruri dəyişikliklərlə 2022-ci ildən büdcə qaydasının tətbiqinin bərpası təmin edilib, qayda əsasında il üzrə hədəflənən nəticələrə nail olunub, bu da fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verməkdədir.

Kollegiya sədri diqqətə çatdırıb ki, 2022-ci ildə Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib. Eyni zamanda, dövlət büdcəsi iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv mənbə olub. Həmçinin nazir qeyd edib ki, ötən il büdcə sənədi ilə bağlı şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə göstəricilərinə əlçatanlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Dövlət maliyyəsinin idarə olunmasının keyfiyyətcə yeni mərhələyə keçməsi ilə bağlı sistemli şəkildə görülən işlər büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri olan Açıq Büdcə İndeksində yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq büdcə tərəfdaşlığı təşkilatının müəyyən etdiyi Açıq büdcə indeksində Azərbaycanın mövqeyi xeyli yaxşılaşaraq 120 ölkə arasında ötən qiymətləndirmədəki 81-ci yerdən 44-cü yerə yüksəlib.

Kollegiya iclasında ötən ilin dövlət büdcəsinin icra vəziyyəti, dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2018-2022-ci illər üzrə icrası və 2023-2025-ci illər üzrə hədəfləri, habelə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülmüş və nəzərdə tutulan tədbirlər haqqında və Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötənilki fəaliyyətinin nəticələri, habelə qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb.

2022-ci ilin dövlət və icmal büdcələrinin icrasının dinamikasının müsbət olduğu qeyd edilib. Beləki, operativ məlumatlara əsasən, 2022-ci ildə icmal büdcənin gəlirləri 42 milyard 290 milyon manat və ya proqnoza qarşı 5 milyard 529 milyon manat (15 faiz) çox olub. İcmal büdcənin xərcləri 35 milyard 61 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 5 milyard 71 milyon manat və ya 16,9 faiz çoxdur. İcmal büdcədə 7 milyard 229 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6,5 dəfə çoxdur. 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 661 milyon manat və ya 2021-ci illə müqayisədə 4 milyard 264 milyon manat (16,2 faiz) çox, dövlət büdcəsinin xərcləri isə 32 milyard 63 milyon manat və ya 2021-ci illə müqayisədə 4 milyard 641 milyon manat (16,9 faiz) çox icra olunub.

Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3 milyard 595 milyon manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11 milyard 518 milyon manat məbləğində transfertə qarşı 7 milyard 923 milyon manat məbləğində vəsait daxil olub. 2022-ci ilin dövlət büdcəsinin kəsiri proqnozlaşdırılan 3 milyard 106 milyon manata qarşı 1 milyard 403 milyon manat və ya proqnozlaşdırılan kəsirdən 1 milyard 703 milyon manat (54,8 faiz) az olub. Kəsirin proqnoza qarşı daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi hesabına olub. Eyni zamanda, ötən ildə nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə əlaqədar olaraq dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhsil, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi bölmələri üzrə ortamüddətli xərclər çərçivəsinin icrası davam etdirilib.

Məlumat verilib ki, dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinin avtomatlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Büdcə Məlumat İdarəetmə Sisteminin yaradılması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar tərəfindən yaradılan proqram təminatı sınaqlardan keçirilərək artıq pilot rejimində istifadəyə verilib. Habelə, 2022-ci il ərzində dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələrinin yenidən təşkili həyata keçirilib. Bu proses nəticəsində əvvəl mövcud olmuş 16 regional xəzinədarlıq idarəsi əvəzinə yeni 12 regional xəzinədarlıq idarəsi fəaliyyət göstərir.

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən xəzinə əməliyyatlarının keyfiyyətinin artırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi, məlumat informasiya bazasının müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə “Xəzinədarlığın informasiya idarəetmə portalı” təkmilləşdirilərək büdcə təşkilatlarının istifadəsinə verilib. Yenilənmiş versiyada ölkəmizdə mövcud olan bütün növ rəqəmsal imzalarla əməliyyatların aparılması təmin edilib, müvafiq təhlillərin aparılması və nəzarətin gücləndirilməsi üçün müvafiq alətlər yaradılıb. Cari ildə də bu sahədə bir sıra yeniliklərin həyata keçirilməsi nəzərdə tutulur. Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına bununla bağlı konkret tapşırıqlar verib.

Müzakirələr zamanı “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd olunan strateji məqsədlər üzrə müəyyən edilən hədəflərə nail olunduğu, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə dövlət büdcəsinin maliyyə ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığının təmin edildiyi bildirilib. Belə ki, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəflənib. Strategiyanın icrası nəticəsində ümumi dövlət borcunun ÜDM-də payı 2018-ci il iyulun 1-i, yəni Strategiyanın qəbul olunduğu dövr ilə müqayisədə 21,4 faizdən 9,7 faiz bənd azalaraq, bu il yanvarın 1-nə 11,7 faiz təşkil edib. Eyni dövr ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faizdən 8,6 faizə azalıb, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,1 faizdən 3,1 faizə artıb. Növbəti strateji məqsəd kimi dövlət borcu üzrə risk parametrlərinin aşağı salınması, o cümlədən, daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin azaldılması, faiz dərəcələrinin artım riskinin qarşısının alınması məqsədilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəz edilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, Strategiyanın təsdiq olunduğu tarixdən etibarən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 faizdən 20 faiz bəndi azaldılaraq cari ilin əvvəlinə 74 faiz təşkil edib, müvafiq olaraq daxili valyutada olan borcun payı isə 6 faizdən 26 faizə qədər yüksəlib.

Bununla yanaşı, dəyişkən faiz dərəcələrinin istinad faiz dərəcələri (bençmark) ən aşağı səviyyədə olduğu zamanlarda, yəni 2020-2021-ci illərdə sabitləşdirilməsi təmin edilmiş və dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı 2018-ci il iyulun 1-i ilə müqayisədə 49,7 faizdən bu il yanvarın 1-nə 35 faizdən aşağı səviyyəsinə endirilib. Bu isə öz növbəsində, dövlət büdcəsinin xarici dövlət borcuna xidmət xərclərinə qənaət edilməsinə imkan yaratmaqdadır. 2022-ci il ərzində əsas strateji məqsədlərdən biri kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 2018-ci il iyulun 1- ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 3,4 milyard manat artırılaraq 2023-cü ilin əvvəlinə 4,2 milyard manata çatdırılıb, bu dövr ərzində dövriyyədə olan dövlət qiymətli kağızlarının ÜDM-ə nisbəti 1 faizdən 3,1 faizədək artırılıb. Strategiyanın təsdiq olunduğu dövrdə yalnız qısa (1 illik) və ortamüddətli (2 illik və 3 illik) dövlət qiymətli kağızları yerləşdirildiyi halda, son dövrdə daha uzunmüddətli, yəni dövriyyə müddəti 5 və hətta 7 illik dövlət istiqrazlarının yerləşdirilməsi təmin edilib və bununla da dövlət istiqrazları üzrə orta geri ödəniş müddəti Strategiyanın icrası dövründə əhəmiyyətli dərəcədə artırılıb. Bununla yanaşı, yeni institusional və korporativ investorların, habelə fiziki şəxslərin cəlb edilməsi ilə dövlət istiqrazlarının investor bazası genişləndirilib.

Qeyd olunub ki, il ərzində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin beynəlxalq praktikaya uyğun təşkil edilməsi ilə bağlı işlər davam etdirilib, o cümlədən əməliyyat effektivliyinin artırılmasını, strukturun təkmilləşdirilməsini, kadr potensialının gücləndirilməsini əhatə edən islahatlar aparılıb, hazırlanan müvafiq daxili təlimatların və qaydaların tətbiqinə başlanılıb. Müzakirələr zamanı bildirilib ki, 2022-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilib. Belə ki, il ərzində ümumilikdə 185 nəzarət obyektində aparılmış maliyyə nəzarət tədbirləri ilə aşkar olunmuş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.

Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrindən əsası 2024-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi olduğunu vurğulayan maliyyə naziri Samir Şərifov bununla bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.

Sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.