Deputatdan gənclərə 10 TÖVSİYƏ

 11:04 31.01.2023     370

Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov gənclərlə yeni tövsiyələrini bölüşüb.

Redaktor.az deputatın feysbuk hesabında yazdığı tövsiyələri təqdim edir:

"Dəyərli gənclər, yeni ildə yeni tövsiyələrimi sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:

1. Bu dünyanın yalnız əyləncədən ibarət olmadığını unutmayın. Həyatda əyləncədən də önəmli məsələlər var.

2. Heç kimin haqqına girməyin, bilin ki, bu fani dünyada heç kimin haqqı heç kimdə qalmayacaq.

3. Heç zaman ətrafınızdakı insanlara qarşı laqeyd və biganə olmayın. Cəmiyyətləri məhv edən laqeydlik və biganəlikdir.

4. Çalışın yaxşı işlərinizin sayını artırın. Ətrafınızdakı insanlara dəstək olun, yardım edin.

5. Milli-mənəvi dəyərlərimizi qoruyun, onlara sadiq olun. Dövlətləri ayaqda saxlayan onun dəyərləridir.

6. Başımıza gələn faciələri dərk etmək və nəticə çıxarmaq üçün tariximizi yaxşı öyrənin.

7. Çətinliklərdən qorxmayın, onların üzərinə gedin. Bu sizi daha güclü edəcək.

8. Səhvlərinizdən nəticə çıxarın, onları təkrarlamayın.

9. Heç zaman ruhdan düşməyin, hər hansı iş alınmayanda dəfələrlə cəhd edin.

10. Dostlarınızı seçərkən diqqətli olun. Yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək".

T.İSMAYIL