Özbəkistan mətbuatı Samir Abbasovun müsahibəsini yayımladı - FOTO

 12:32 31.01.2023     325

Özbəkistanın darakchi.uz adlı aparıcı xəbər portalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovun Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, buna etiraz edən azərbaycanlı ekofəalların aksiyası, habelə yerli əhalinin blokadada saxlanılması  haqqında Ermənistan tərəfinin dünyaya yaydığı yanlış məlumatlara dair geniş müsahibəsi dərc olunub.

Özbəkdilli əhali arasında ən çox oxunan darakchi.uz xəbər portalında gedən “Samir Abbosov: Ozarbayjonlik ekofaollar hududimizdagi ekologik falokatga norozchilik aksiyasi oʻtkazmoqda va hech qanaqa blokada haqida soʻz borishi mumkinmas” (tərc: Azərbaycanlı ekofəallar ərazilərimizdəki ekoloji fəlakətə etiraz aksiyası keçirməkdədir və hər hansı blokadana söz gedə bilməz) adlı müsahibədə Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekoloji fəalların artıq 50 gündən çoxdur ki, ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyasına dair fikirlər yer alıb.

İlk öncə Samir Abbasov müsahibəsində Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlandığını, bir milyon azərbaycanlının öz yurd yerlərindən qovulduğunu, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, işğal nəticəsində şəhərlərimizin, minlərlə kəndlərimizin, tarix və mədəniyyət abidələrimizin, dini inanc yerlərimizin vəhşicəsinə dağıdıldığını qeyd edib.

Diplomat Ermənistanın işğal etdiyi ərazilərimizdə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, işğalçıların məscidlərimizdə heyvan və donuz saxlayaraq İslam irsini təhqir etdiyini vurğulayıb. Samir Abbasov 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini Ermənistan işğalından azad etdiyini, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyanata əsasən ölkəmizin Qarabağ iqtisadi rayonunda erməni əhalisinin yerləşdiyi ərazidə  müvəqqəti olaraq 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini qeyd edib.

Samir Abbasov müsahibədə bildirir ki, hazırda erməni separatçıları Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə fəal şəkildə fəaliyyət göstərir, Azərbaycan dövlətinin suveren hüquqlarını pozaraq bu ərazilərdə Azərbaycana  məxsus qızıl və digər faydalı qazıntı yataqlarını talayır, bölgədə əsl ekoloji fəlakət və terror həyata keçirirlər. O, bu kimi cinayətlərə son qoyulması tələbi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəalların ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyası keçirirdiyini vurğulayır.

Müsahibədə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində mövcud təbii sərvətlər və onların talanmasına dair Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinad edilir və Ermənistanın həmişə olduğu kimi, öz cinayətlərini ört-basdır etmək üçün azərbaycanlı ekoloqların dinc etiraz aksiyasını Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində etnik ermənilərin humanitar fəlakətə məruz qalması kimi yalan məlumatlardan istifadə etdiyi və beynəlxalq ictimaiyyəti çaşdırdığı vurğulanır.

Samir Abbasov aksiyanın ekoloji terrora son qoyulması və qanunsuz yolla talan edilmiş Azərbaycan sərvətlərinin xaricə çıxarılmasının qarşısının alınması tələbi ilə dinc şəraitdə keçirildiyini müsahibədə bir daha qeyd edib. O, sözügedən ərazidə heç bir blokadanın və humanitar fəlakətin yaşanmadığını və yayılan məlumatların erməni təbliğatının əsassız dezinformasiyası olduğunu vurğulayıb. Diplomat hər gün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və etnik ermənilərin məskunlaşdığı Azərbaycanın Xankəndi şəhərinə Laçın yolu ilə mülki şəxslərin və xeyli mülki yüklərin, Qızıl Xaç Cəmiyyətinin avtomobillərin maneəsiz hərəkət etdiyini vurğulayıb.

Samir Abbasov Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyannamənin 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın yolu ilə iki istiqamətdə mülki vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Bu təhlükəsizlik zəmanəti Laçın yolundan qanunsuz yüklərin, silah-sursatın daşınması baxımından sui-istifadənin qarşısını almaq üçündür. O, Azərbaycan XİN-nin də bəyan etdiyi kimi üçtərəfli bəyanatın əksinə olaraq, Ermənistan öz ərazisində  istehsal olunan yeni minaları Laçın yolu vasitəsi ilə Azərbaycana gətirərməsinə göz yumulduğunu və bu minaların sonradan Azərbaycan ərazilərində yerləşdirilməsi nəticəsində isə son iki ildə 300-ə yaxın dinc azərbaycanlı mina terrorunun qurbanı olduğunu qeyd edib.

Diplomat Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı bölgənin olmadığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci ildə  imzaladığı Sərəncama əsasən Azərbaycan ərazisində iqtisadi rayonların bölgüsü həyata keçiridiyini və nəticədə ölkəmizdə yeni iqtisadi rayonların, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun  yaradıldığını bildirib.

Müsahibədə qeyd olunur ki,  1920-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanla Naxçıvan arasında olan Azərbaycanın tarixi Zəngəzur  mahalı Ermənistana verilmiş və Naxçıvan Muxtar Respublikası anklava çevrilmişdir. Ermənistanın Azərbaycana ərazi iddiaları başlayan 1988-ci ildən sonra Ermənistan öz ərazisindən keçən Naxçıvan yolunu bağlamış və Azərbaycandan ayrı qalmış yarım milyona yaxın Naxçıvan sakini hələ də blokada şəraitində yaşayır. Üçtərəfli bəyanata görə, Ermənistan Azərbaycanın Naxçıvan MR-ə maneəsiz çıxışını təmin etməli olsa da, bu günə qədər öhdəliyini yerinə yetirməmişdir.

Müsahibədə qeyd olunur ki, bütün işğal, etnik təmizləmə və cinayətlərə baxmayaraq, Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən Ermənistana 5 bəndlik sülh sazişinin imzalanması təklif olunmuş, Ermənistan isə bu günə qədər müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır.

Müsahibə ilə geniş şəkildə https://darakchi.uz/oz/160447 linkində tanış olmaq mümkündür.

2