Təbiətin incisi - Qızılağac Milli Parkı

 21:15 01.02.2023     411

2 Fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür.

Qızılağac Milli Parkı son illərdə ekoloji mövzularda maarifləndirici tədbirlərin ünvanına çevrilib. Təbii ki, bu da parkın nadir heyvanat və quşlar aləminin, bitki örtüyünün mühafizəsinə xidmət edir. 01 fevral 2023-cü il tarixində parkda baş tutan tədbir məhz Ümumdünya su-bataqlıq gününə həsr olunub.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü və Qızılağac Milli Parkının təşkilatçılığı ilə keçirilən seminarda parkın əməkdaşları, ictimaiyyət nümayəndələri, Balıqçılar qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri iştirak etmişlər. Seminarda iştirakçılara tədbirin məqsədi və mahiyyəti barədə geniş məlumat verilmiş, sözügedən ekoloji təqvim gününün 2 fevral 1976-cı ildə İranın Ramsar şəhərində “Suda üzən quşlar üçün beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq hövzələrinə dair Konvensiya”nın imzalanması ilə əlaqədar olduğu bildirilıb. Tədbir zamanı iştirakçıların diqqətinə çatdırılıb ki, mövcud konvensiyanın əsas məqsədi dünyada davamlı inkişafın əldə olunmasında bir vasitə kimi su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və onların qorunmasıdır. Tədbirdə iştirakçılara ölkəmizdəki milli parklar, qoruqlar və yasaqlıqlar, o cümlədən ərtaf mühitin, flora və faunanın mühafizəsinin təşkili, habelə təbii sərvətlər və onlardan səmərəli istifadə edilməsi barədə ətraflı məlumat verilıb. Seminar iştirakçıları müzakirə olunan məsələlərə öz münasibətlərini bildirmiş və gələcəkdə də bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etmişlər.

Qızılağac Milli Parkının direktoru Asəf Cəfərov öz çıxışında daha mühüm məsələlərə toxunaraq bildirdirdi ki, bu günkü tədbir öz mahiyyəti etibarı ilə mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə tədbir iştirakçılarının diqqətini Milli Parkda nadir heyvanların və quşların, eləcə də bitki örtüyünün  mühafizəsinə yönəldir. Biz hamımız təbiətin zənginləşməsinə və brokonerlərin müdaxilələrinin qarşısını almağa borcluyuq. Bu baxımdan parkda qısa müddətdə müəyyən işlər görmüşük. Belə ki, brokonerlərə qarşı mübarizə tədbirləri gücləndirilmiş, əhali arasında ekoloji maarifləndirmə işi aparılmış, mühafizə məqsədi ilə xidməti postların sayı artırılıb. Ən əsası budur ki, qeyd etdiyimiz kimi, maarifləndirici tədbirlər davamlı şəkildə aparılır. Bu məqsədlə mütəmadi olaraq Nazirliyin əməkdaşları da parkımızda olur, kollektivlə, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri, ictimaiyyətin nümayəndələri ilə işgüzar söhbətlər keçirirlər. Diqqətə çatdırılır ki, təbiətin nadir incilərini nəinki qorumağa, hətta daha da zənginləşdirməyə, onlara qayğı göstərməyə və gələcək nəsillərə çatdırmağa hər bir vətəndaş özünün müqəddəs borcu bilməlidir.

Qızılağac Milli Parkını çox haqlı olaraq təbiətimizin gözəllik tacı adlandırırlar. Park canlı təbiət muzeyidir. Təbiət heç nəyini buradan əsirgəməyib. Əsasən nadir quşların məskəni olan bu parkın flora və faunası da çox zəngindir. Burada nəinki Azərbaycanın, eyni zamanda Dünyanın «Qırmızı Kitab»ına düşən nadir quşlara da təsadüf etmək olur. Fısıldayan qu, harayçı qu, yaşılbaş ördək, qızılqaz, qırmızıdimdik dalğıc... quşlar məhz bu qəbildəndir.

Qeyd edək ki, Qızılağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun balansında yaradılıb. Milli Parkın yaradılmasında əsas məqsəd flora və fauna növlərinin qorunub saxlanması, bərpası təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də elmi tədqiqatlar, turizm və istirahət üçün yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.

Azərbaycan Respublikasında Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsinin daha da genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. 2003-cü ilədək bir Milli Parkı olmayan respublikamızda hal-hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu da ölkə ərazisinin 893 min hektarını təşkil edir. Təbii ki, bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan təbiətinə, ekologiyasına davamlı diqqətinin təzahürüdür.

Milli Park Xəzər dənizinin cənub-qərbində yerləşir. Ərazisi 99060 hektara çatdırlımşıdır. Böyük Qızılağac körfəzini və Salyan düzünün bir hissəsini əhatə edir. Eyni zamanda parkın ərazisi Masallı və Neftçala rayonlarının əraziləri ilə həmsərhəddir. Qızılağac Milli Parkı köçəri, su-bataqlıq və çöl quşlarının çoxaldılması, həmçinin təbii su-bataqlıq landşaft sahələrinin mühafizəsi məqsədilə yaradılıb. Qızılağac Qoruğu 1976-cı ildə “Su-bataqlıq yerləri Konvensiyası”nın (Ramsar) suətrafı və suda üzən quşların məskunlaşması üzrə 12 Beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib. Hal-hazırda milli parka çevrilən qoruq ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarətdir. Onun əsas hissəsini su akvatoriyası, bataqlıqlar, kolluqlar və qamışlıq sahələri təşkil edir.

Təbiətimizə, dağımıza, düzümüzə, çölümüzə... göstərilən qayğı hamımızı fərəhləndirir. Təbiət bu qayğıdan vəcdə gəlir, canlanır, həyat nəğməsini oxuyur. Burada hər bir canlı, hətta cansızlar belə bu nəğməyə qoşulur. Bu nəğmənin sehrinə nəinki yeni-yeni nadir quşlar buraya uçur, həm də dünyanın ən mötəbər təşkilatlarının nümayəndələri, alimləri həvəslə gəlir, təbiətin fərəhini, sevincini səxavətlə bölüşürlər.

Qızılağac Milli Parkına səfər etmiş avropalı alimlər də təbiətimizin qeyri-adi gözəlliyi qarşısında heyrətə gəlmişlər. Körfəzin qamışlıqları arasında dalğaların müşayiəti ilə quşlar min bir nəğmə oxuyur. Onların səsi ağ köpüklü dalğaların səsinə qarışaraq əsrarəngiz bir simfoniya yaradır.

Qızılağac Milli Parkı Xəzər dənizinin qoynunda qərar tutmuş əfsanəvi bir nağıl personajını, Nuh gəmisini xatırladır, nəinki təbiətimizin, bütün dünyanın ən nadir flora və faunasını öz qoynunda qoruyur, gələcək nəsillərə əmanət saxlayır. Park indi çox əsrarəngiz bir ekoturizm məskənidir. Yay və qış aylarında turistləri də, quşları da qəbul etməyə, onlara qucaq açmağa hazırdır. Əbəs yerə deyil ki, hamı bu bölgəyə tələsir. Turistlər təbiətlə, onun min bir gözəlliyi ilə canlı təmasda olmaq istəyirlər. Ekoturizm ölkəmizin bu sahədə də nailiyyətlərini əks etdirir. Hər yerdə, hər sahədə təbii bir dinamika göz oxşayır, insanda ruh yüksəkliyi yaradır.

Parkın florasını 370 növ, 4 az yayılmış növ, həmçinin Qafqazın 3 endemik növü, hibrid-qovağı, Qrosheym zəncirotu və sapa oxşar bağayarpağı təşkil edir.

Qızılağac Milli Parkının zəngin təbii landşaftı və iqliminin mülayimliyi dünyanın müxtəlif yerlərindən quşların buraya gəlməsinə səbəb olub. Uraldan, Tundradan, uzaq Sibirdən, Avropadan və başqa yerlərdən uçub gələn qırmızıdöş qaz, ağ durna, qu quşu, qızıl quş, qızıl qaz və s. parkda qışlayır. Misir, İraq, Sudan, Yeni Zelandiya və s. yerlərdən də bura yazda yuvalamaq üçün ərsindimdiklər, sarı və böyük Misir vağları, qırıldaqlar və s. uçub gəlirlər. Eyni zamanda parkda sultan toyuğuna, turaca, dovdağa, qu quşlarına, qızılboğaz vəhşi qaza, çöl qartalına və s. rast gəlmək olur. Parkın ərazisində 270 növ quş məskunlaşır. Hazırda bu quşların 33 növü nadir quşlar kimi “Qırmızı kitab”a daxil edilıb. Qızılağac Milli Parkında məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların və həşəratların bir çox növü yaşayır. Su hövzəsində isə 54 növdən çox balıq (siyənək, çəki, kütüm, kefal və s.) eyni zamanda Xəzər suitisi məskunlaşıb.

Qızılağacın nadir bioresusrlarından danışarkən qızılquşlar fəsiləsindən olan bəzi quşalara da diqqət yetirmək lazımdır. Bunun aktuallığı bir də onunla bağlıdır ki, son vaxtlar bəzi xarici turistlər bu quşlara xüsusi maraq göstərir, onları müxtəlif yollarla ələ keçirmək istəyirlər. Bu isə qətiyyən yolverilməzdir. Bu işdə bəzi işbazlar onlara dəstək olaraq xüsusi canfəşanlıq göstərirlər. Təbiətimizin əvəzsiz zənginliyini şəxsi maraqlarına dəyişirlər. Qızılquşların ovlanması nəticəsində yəqin ki, vaxt gələr onlar da nəsli kəsilmiş digər canlıların siyahısına əlavə olunacaq. Hamı bu məsələlərdə çox diqqətli olmalı, ekoloqlara yaxından kömək göstərməlidir. Qeyd edək ki, adi qızılquş (Şahin) gözəlliyinə, nadirliyinə və “bacarığına” görə brakonyerlərin diqqətindən yayınmır. Halbuki adı “Qırmızı Kitab”a düşən bu quşlar təbiətimizin əvəzsiz inicisidir. Talış dağlarının meşə qurşağında, qayalarda və ağaclarda yuva quran bu quşlar Qızılağac körfəzində, Ağ göldə, Azərbaycanın digər ərazilərində qışlayır. Göyərçinlərlə, ördəklərlə, zağalarla qidalanır.

Ölkəmizin ərazisində şahinlərin bir neçə növü vardır. Aranda, dağlarda, Qızılağac Milli Parkında bəzən daimi, bəzən müvəqqəti məskən salan bu şahinlər quşların cəngavərləri sayılırlar. Təbii ki, onları qorumaq, nəslinin kəsilməsinin qarşısını almaq son dərəcə vacibdir. Onda Qızılağac Milli Parkında quşlar içərisində sanki Koroğlu nərəsini eşidirik. Qoy Qoç Koroğlunun nərəsi keçəl həmzələrin yalvarışlarının qurbanı olmasın. Bu baxımdan ovçulardan, təbiətsevərlərdən çox şey asılıdır. Milli Parkın ekosistemini qorumaq hamımızın ümumi işidir. Bunu qabartmaqda məqsədimiz odur ki, son vaxtlar Respublika ərazisində bu cür bir neçə xoşagəlməz faktın qarşısı ekoloqlarımız tərəfindən alınıb. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nadir quşların mühafizəsi, brokonerlik hallarının qarşısının alınması və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədi ilə ciddi tədbirlər planı hazırlamış və həyata keçirməkdədir. Sözsüz ki, bu sahədə ekoloji maarifləndirmənin gücləndirilməsi böyük önəm daşıyır. Ekoloji mədəniyyəti hələ də qənaətbəxş olmayan əksər insanlar inanırıq ki, yaxın gələcəkdə təbiətimizin qayğısına qalacaqlar. Sadəcə bəzi məqamları yada salmaq lazımdır. Bəzən təbiətə qarşı qaddarlıqlar bilərəkdən yox, naşılığdan yaranır. Təbiətə sevgi hər bir insanın həyat devizinə çevrilməlidir. Ətraf mühitin mühafizəsinə diqqətli olsaq, bu sevgi payını təbiətimizə bəxş etsək, insanlar üçün yaşamaq gözəlləşər.

Qızılağac Milli Parkında quşların mühafizəsi sahəsində görülən işlər günün tələbləri səviyyəsindədir. Parkın mütəxəssisləri tez-tez 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə ərazi ilə həmsərhəd olan kəndlərdə olur, quşların qorunması ilə əlaqədar maarifləndirmə işi görürlər. Parkın elmi işçiləri də bu təbiət incilərinin qorunmasında fəallıq göstərirlər.

Respublikamızın təbiəti çox zəngin və rəngarəngdir. Ekoloji tarazlığı, ətraf mühitin mühafizəsini təmin etmək təkcə bu sahədə çalışanların işi deyil, hamının müqəddəs borcudur. Axı bütün sərvətlərini bizə səxavətlə bəxş edən ana təbiətə nankor çıxmağa, laqeyd münasibət bəsləməyə haqqımız yoxdur. Ümummilli liderimiz Heydər Əliyevin zəngin mənəvi irsində, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbiətin mühafizəsi ilə əlaqədar müvafiq sərəncamlarında ekologiyanın qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli məsələ kimi dəyərləndirilir. Cənab Prezidentin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutan parkın kollektivi doğma Vətən təbiətinin daha da zənginləşməsinə, ətraf mühitin mühafizəsinə öz layiqli töhfələrini verməyə çalışır. Son vaxtlar əsas diqqət balıqların kürü töküb nəsl artırılması üçün parkda əlverişli şəraitin yaradılmasına yönəldilib.      

Bu məqsədlə Milli Parkın ərazisində mövcud olan şirin su kanalları təmizlənir, balıqların rahat kürü tökməsi üçün şərait yaradılır. Eyni zamanda həmin kanalların dəniz ilə birbaşa əlaqəsini bərpa etməyə xüsusi əhəmiyyət verilir, bu da mühüm ekoloji amillərdən sayılır. Həmçinin brokonerlərlə ciddi şəkildə mübarizə aparmaq əsas meyar kimi qəbul edilir. Bu məqsədlə yuxarıda qeyd etdiyimiz kimi ekoloji maarifləndirmə tədbirlərindən də maksimum şəkildə istifadə olunur.

Son vaxtlarda təbiətin qorunması sahəsində mühüm irəliləyişlər nəzərə çarpır. Ancaq ekologiyaya, yaşıllığa qanunsuz müdaxilələrin kökü hələ də tam kəsilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət başçımızın yeni ekoloji tələblərinə uyğun öz fəaliyyətində möhtərəm Prezidentin Azərbaycan təbiətinin mühafizəsi ilə bağlı mühüm tapşırıq və tövsiyələrini meyar kimi qəbul edən, müasirliyi və mütərəqqi metodları dəstəkləyən işgüzar bir ekoloji nəsil formalaşdırmaqda önəmli addımlar atır. Bu, bir daha göstərir ki, təbiətimiz dövlətimizin daimi və etibarlı himayəsindədir. Təbii ki, bunun da kökü Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən gəlir. Axı, bütün sahələrdə olduğu kimi təbiətlə bağlı heç bir şey dahi rəhbərin diqqətindən yayınmırdı. Elə buna görə də, xalqımız Ulu Öndərin gözəl yaz fəslinə təsadüf edən 100 illik yubileyinə ciddi və hərtərəfli hazırlaşır. Həm də 2023-cü ilin cənab Prezidentin sərəncamı ilə “Heydər Əliyev İli” elan olunması ekoloqlarımızın, ümumən təbiətsevərlərimizin də ürəyindəndir. Təsadüfi deyil ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ildə silsilə ekoloji tədbirlərin hazırlanıb həyata keçirilməsinə start verib.

Vətən təbiətdən başlayır. Elə buna görə də, hamımız Ümummilli Liderimiz kimi ana təbiəti qızğın məhəbbətlə sevməli və onu babalardan qəbul etdiyimiz əmanət kimi nəsil-nəsil yaşatmalıyıq.

Bəxtiyar Hüseynov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional
Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı

22222