"Qiymət artımı aztəminatlı ailələrin nəqliyyat xərcinə ciddi təsir edəcək" - Ekspert

 18:24 02.02.2023     946

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən, qiymətlər 10 qəpik artırılaraq 0.40 qəpik -1 manat arasında dəyişəcək.

Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən hansısa istiqamətdə qiymət artımı edilən kimi, bundan dərhal sonra başqa sahələrdə də bahalaşmalar baş verir. Bəs, bu cür artımların qarşısını almaq üçün nə etmək olar?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, belə qərarın indiki zamanda verilməsinə ehtiyac yox idi.

"Qiymət artımının qarşısını almaq üçün yeganə ediləcək şey odur ki, dövlət qərar verməlidir, qiymət artmamalıdır. Çünki nəqliyyatda gediş haqqı biznes qaydaları ilə tənzimlənmir. Nəqliyyatda gediş haqqı dövlət tərəfindən tənzimlənir. Tarif Şurası tərəfindən qiymətlərin dəyişməsi ilə bağlı qərar verilir, daha çox artırılması yolunda qərar verilir. Amma əsasnaməsinə görə azalda da bilər. Amma heç bu günə qədər azaltdığını görməmişik. Ona görə də bu, dövlətin qərarıdır, hökumətin qərarıdır. Burada əhalinin cibindən əlavə 33 faiz nəqliyyatda gediş haqqının artmasına görə nəqliyyat xərclərinə 2 milyon manata yaxın əlavə vəsait çıxacaq. Bu da ailə başına böləndə və əsasən aztəminatlı ailələrə, tələbə, şagirdlər çox olan ailələrdə kifayət qədər ciddi yük yaradır", - deyən ekspertin sözlərinə görə, bu qərar aztəminatlı ailələrin nəqliyyat xərcinə kifayət qədər ciddi təsir edəcək:

"Ən belə optimal hesablamalara görə gündə lap bir manatdan da hesablasan bir ailənin nəqliyyat xərcinə kifayət qədər ciddi təsir etdiyini görürük. Yəni bir ailə, orta statistik Azərbaycan ailəsi ən azından il ərzində təqribən 100-150 manat arası nəqliyyata daha çox pul xərcləyəcək. O vəsaiti məsələn, su puluna yönəldə bilərdik və digər kommunal xərclərə yönəldə bilərdik. Bu nöqteyi nəzərdən sadəcə Nazirlər Kabinetinin qurumu olan Tarif Şurasının, dövlətin, hökumətin verdiyi qərardır. Yəni indiki zamanda bu qərarın verilməsinə bir o qədər də ehtiyac da yox idi. Çünki 200 milyon manatın Azərbaycan büdcəsində və yaxud nəqliyyat şirkətlərinin büdcəsində böyük bir dəyişiklik yaradacağını da düşünmürəm. İndiki zamanda Azərbaycan büdcəsində lazımi qədər vəsait var. Neft gəlirləri yüksəkdir, yəni Azərbaycanda maddi sıxıntılar yoxdur. Bu maddi sıxıntılar olsaydı, belə bir qərarın verilməsini yenə də hardasa anlamaq mümkün olardı".

Həmidə İbrahimova