Bakıya uçan təyyarədə həyacan yaşandı

 17:50 02.02.2023     968

“Utair” aviaşirkətinin Samara-Bakı reysi ilə uçan təyyarəsi mühərriklərdən birində nasazlıq yarandığı üçün havaya qalxdıqdan sonra Samara hava limanına qayıdıb.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, fevralın 2-də Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı araşdırma aparılır.

Agentliyin məlumatına görə, təyyarə cümə axşamı Moskva vaxtı ilə saat 12:40-da Kurumoç Beynəlxalq Hava Limanından havaya qalxıb. Lakin havaya qalxdıqdan sonra Boeing-737 təyyarəsinin komandiri mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün geri qayıtmaq qərarına gəlib. Eniş yaxşı keçib.

Uçuş üçün 67 sərnişinin qeydiyyatdan keçdiyi bildirilir.

"Kuybışev Nəqliyyat Prokurorluğu halları yoxlayacaq, əsaslar olarsa, prokurorluq cavab tədbirləri görəcək", - mətbuat xidmətindən bildiriblər.

Bundan əvvəl, yanvarın 6-da məlum olmuşdu ki, Novosibirskdən Taylanda uçan “Azur Air” aviaşirkətinə məxsus təyyarə qabaq şüşəsinin zədələnməsi səbəbindən hava limanına qayıdıb. Krasnoyarsk Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyinə dair qanunvericiliyin icrası ilə bağlı audit təşkil edib.

Turan İSMAYIL