Saqqallı məmurlar…
30-40 il əvvəl Azərbaycanda əsasən ruhaniləri, din xadimlərini saqqalla görmək olardı. Sovet dövrünü xatırlayan yaşlı və orta nəsildən olanlar bilər, o zamanlar üzü bir azca tüklü adam görəndə dərhal soruşardılar: “Nəsə olub, kim rəhmətə gedib?”.
Çünki 30-40 il əvvəl saqqalla gəzmək dəb deyildi. Saqqalı bir din xadimləri, bir də yaxın adamı ölənlər saxlayardılar. Amma ikincilərin saqqal saxlamağı uzağı 40 gün çəkərdi.
Zaman artıq dəyişib, insanların dünyaya baxışı da fərqlidir. Müasir dövrdə gənclərin saqqal saxlamağa meylli olması diqqət çəkir. Hətta bu bir trendə çevrilib desək, yəqin ki yanılmarıq. Əvvəllər daha çox sənət adamları saqqal saxlayırdılarsa, indi artıq məmur təbəqəsi arasında da saqqallı simalara rast gəlmək olar. Hətta onlar arasında ən yüksək vəzifələrdə çalışan tanınmış məmurlar da var.
Saqqallı məmurlara xeyli misal göstərmək olar.
Redaktor.az modern.az-a istinadla bəzilərini təqdim edir:
Bir neçə gün öncə elm və təhsil nazirinə müavin təyin edilən Həsən Həsənli haqqında bəhs etdiyimiz vəzifəli şəxslərdəndir.
O, 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Daha bir saqqallı məmur kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi göstərmək olar.
R.Nəcəf Azərbaycanda ali təhsil alandan sonra, 2007-2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını bitirib.
2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və İqtisadi inkişaf nazirinin köməkçisi olub. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
2018-ci il 11 may tarixində Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 2019-cu il 28 avqustunda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
2020-ci ildə iqtisadiyyat nazirinin müavini, 2021-ci ildə iqtisadiyyat nazirinin birinci müavini işləyib.
2022-ci il 10 fevral tarixində SOCAR-ın birinci vitse-prezidenti və prezidenti vəzifəsinin müvəqqəti icraçısı, 2022-ci il 21 iyulunda SOCAR prezidenti təyin edilib.
2022-ci il dekabrın əvvəlində müdafiə nazirinin müavini postuna təyinat alan Aqil Qurbanov da saqqal saxlayan vəzifəli gənclər sırasına daxil idi.
O da xaricdə - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (2012-2014-cü illərdə) təhsil alıb.
2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.
Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
9 dekabr 2022-ci il tarixində müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Silahlı Qvvələrində saqqal saxlamağa icazə verilmədiyindən sonuncu vəzifə təyinatı gənc nazir müavinini saqqalla vidalaşmağa məcbur edib.
SOCAR-da yüksək vəzifə tutan daha iki məmur saqqal saxlayır. Onların hər ikisi vitse-prezidentdir.
Elşad Nəsirovu çoxdan tanıyanlar deyir ki, onun saqqal saxlamaq həvəsi sonralar yaranıb. Cənab Nəsirov 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləyib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışıb, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisinin müavini olub. 1997-2003-cü illərdə SOCAR-ın Xarici iqtisadi əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi vəzifələrində işləyib.
28 dekabr 2005-ci il tarixində SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
SOCAR-da vitse-prezident vəzifəsində çalışan Zaur Qurbanov 2010-cu ildə Odlar Yurdu Universitetinin bakalavr, 2012-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi üzrə bitirib.
2010-2020-ci illərdə “Ernst&Young” beynəlxalq audit və məsləhət şirkətində baş mütəxəssis, baş məsləhətçi, menecer, baş menecer və direktor kimi məsul vəzifələrdə çalışıb. 2020-ci ildən "Azərbaycan İnvestisiya Holdinqi"nin Baş icraçı direktorunun müavini vəzifəsini tutub.
2021-ci ilin 11 avqustunda SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Milli Məclisin üzvləri arasında da saqqal saxlayan var - deputat Razi Nurullayev. O, Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsini bitirib.
1995–1997-ci illərdə «McDermott Marine Construction» şirkətində, 1998-ci ildə «Bue Caspian ltd.» şirkətində tərcüməçi, 1998–2001-ci illərdə «Baku Steel Company» şirkətində menecer köməkçisi və tərcüməçi vəzifələrində çalışıb. 2002–2003-cü illərdə AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun, 2003–2006-cı illərdə Tarix İnstitutunun, daha sonra Fəlsəfə İnstitutunun elmi işçisi, 2009–2015-ci illərdə AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini olub. Hazırda Milli Cəbhə Partiyasının sədridir.
Maraqlıdır ki, əvvəllər saqqal saxlayan, hətta Milli Məclisin saytında özü haqda məlumatın dərc olunması üçün saqqalı şəklini təqdim edən Razi müəllim hansı səbəbdənsə son vaxtlar xarici görünüşünü dəyişib. Yəni hazırda saqqal saxlamır (modern.az).