AQTA yanında İctimai Şuraya seçkilər keçiriləcək

 16:41 03.02.2023     312

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında fəaliyyət göstərəcək İctimai Şuraya seçkilər keçiriləcək.

AQTA-dan Redaktor.az-a verilən məlumata görə, tərkibin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.

Qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla seçki komissiyasının videobağlantı formatında ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra texniki məsələlər ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar qəbul ediblər.

Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir.

Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər fevralın 10-dan 20 iş günü müddətində Agentliyin Seçki Komissiyasına (e-mail: [email protected], əlaqə: (+994 12) 565-12-72 (daxili-209) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, e-mail, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcək. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsi ilə elan ediləcək.