Laçın-Xankəndi yolundakı AKSİYA DAVAM EDİR

 15:59 05.02.2023     323

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da ruh yüksəkliyi ilə davam edir.

Redaktor.az xəbər verir ki, toplanış yerində etirazçıların əhval-ruhiyyəsi yüksəkdir və onların tələbləri dəyişməz olaraq qalır.

Hazırda aksiyada canlanma müşahidə edilir. Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 56 gündür davam edir.