“Qeyri-jurnalistlər də media reyestrində qeydiyyata alınacaq” - Əhməd İsmayılov

 16:20 06.02.2023     555

“Redaksiyalarda jurnalist kimi əmək fəaliyyəti olmayan media işçiləri də media reyestrində jurnalist kimi qeydiyyata alınacaq”.

Redaktor.az xəbər verir ki, bunu MEDİA Agentliyinin icracı direktoru Əhməd İsmayılov Mətbuat Şurasının toplantısında deyib.

O bildirib ki, bununla bağlı MEDİA Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib, məsələ həllini tapıb:

"Bu hal "Media haqqında" qanundakı problemdən yox, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsindən irəli gəlir. Çünki həmin redaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrində bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka krediti götürmək üçün hər hansısa bir banka müraciət edəndə, bank işçisi onun kim olduğunu bilmir və problem yaranır”.

“Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik. Nazir və onun komandası bizə yol göstərdi və problemi aradan qaldırdıq. Artıq redaktorlar, şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaq”, - Ə.İsmayılov vurğulayıb.