Natiq Məmmədli mediaya ediləcək vergi güzəştlərindən DANIŞDI

 17:02 06.02.2023     350

“Mediaya vergi güzəştlərinin tətbiq edilməsi bu sahənin inkişafına ciddi stimul olacaq”.

Redaktor.az "report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli deyib.

Qurum rəsmisi bildirib ki, bu gün Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsində medianın inkişafı baxımından çox mühüm bir qanun layihəsinin müzakirəsi olub:

“Belə ki, yaxın üç il ərzində audiovizual media subyektləri istisna olmaqla digər media subyektləri bütün vergilərdən azad olunurlar. Burada medianın gəlir, mənfəət və əlavə dəyər vergisindən azad olunmasından söhbət gedir”.

Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyi uzun zamandır ki, tədqiqatlar aparır və müxtəlif media subyektləri arasında sorğular həyata keçirib. Mediamız daim istəyib ki, ona dövlətin iqtisadi güzəştləri tətbiq edilsin. Nəhayət bu istiqamətdə addım atıldı və Vergi Məcəlləsinə dəyişiklik edilməsi layihəsi gəldi” - o qeyd edib.

N.Məmmədli vurğulayıb ki, dəyişiklikdən sonra çap və onlayn media subyektlərinə vergi güzəştləri tətbiq olunacaq:

“İqtisadçıların hesabalarına görə, burada 10 milyon manata yaxın güzəştdən söhbət gedir. Bu da dövlətin mediaya, azad sözə və pluralizmə dəstəyinin bir formasıdır”.