Zəlzələ bölgəsində təhsil alan 4 tələbədən xəbər yoxdur - AÇIQLAMA

 19:06 07.02.2023     809

“Türkiyədə zəlzələ baş verən andan bizə daxil olan zənglərin araşdırılmasına başlamışıq”.

Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir qeyd edib ki, zəlzələ baş verən bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur:

“Artıq ikinci zəlzələ baş verəndə biz həmin bölgələrdə olan tələbələrin sayını müəyyənləşdirməyə və onlardan dağıntılar arasında qalanların olub-olmamasını dəqiqləşdirməyə başlamışdıq. Bizə daxil olan məlumatlardan Malatyada 4 tələbənin dağıntılar arasında qaldığı deyildi. Biz onların ad və soyadını dəqiqləşdirərək bütün xəstəxanalarda axtarış apardıq. Amma bu günə qədər hələ onlarla bağlı bir məlumat yoxdur. Biz yenə araşdırırıq. Türkiyənin rəsmi qurumlarının hər gün yaydığı ölən və xəsarət alanlar arasında da həmin tələbələrin adı çıxmayıb. Nəzərinizə çatdırım ki, bu məlumatlar hər gün yenilənir. Araşdırmalarımız davam edir”.

Səfir bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət – Mersin və Elazığda təhsil alan tələbələrimiz var:

“Amma orada da bizim tələbələrimiz çoxdur. Təxminən 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Amma onlardan da getmək istəyən olsa, təxliyə olunacaq. Zəlzələ baş verən bölgədə olan tələbələr - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Antepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə əlaqə saxlanılmağa çalışılır. Yaradılmış Operativ qərargahlarımıza daxil olan bütün müraciətlər araşdırılır”.