"Boş-boş danışırlar, oğlum yalnız İstanbulda binalar tikir" - Şərurlu İsfəndiyar
Türkiyədə ard-arda baş verən zəlzələdən sonra meydana çıxan faciəvi mənzərə həqiqətən insanı dəhşətə gətirir. 5775 yaşayış binasının adi qum təpəciyi kimi dağılması, binaları tikərkən yeyintinin miqyasından xəbər verir. Sanki bu binaları tikəndə nə sementdən, nə də armaturdan ümumiyyətlə istifadə olunmayıb.
Zəlzələdə dağılan binalar Türkiyədə tikinti şirkətləri olan azərbaycanlı iş adamlarını da gündəmə gətirdi. Xüsusən, sosial şəbəkələrdə gedən müzakirələrdə daha çox məşhur iş adamı, milyarder "Şərurlu İsfəndiyar" kimi tanınan "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun adı tez-tez hallandı. İddiaya görə, tamam dağılan binaların arasında, İ.Axundovun tikdiyi çoxsaylı binalar var.
Məsələ ilə bağlı Redaktor.az-a danışan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov bildirdi ki, yazılanlar adi yalandan başqa bir şey deyil.
İş adamı onu da xatırlatdı ki, Türkiyədə tikinti biznesi ilə onun oğlu məşğul olur və o da ancaq İstanbulda bu işi həyata keçirir.
“Boş-boş danışırlar, mənim oğlum yalnız İstanbulda tikinti ilə məşğuldur, başqa şəhərlərdə işləmir. Uçan binaların sayının çox olmasının səbəbi də odur ki, o vaxt binalara tikintiyə nəzarət bələdiyyələrə tapşırılıb. O cümlədən sahibkarların da böyük əksəriyyəti mütəxəssis olmadığına görə binaları simlə tikiblər. Çoxuna armatur atılmayıb. Hamısı keyfiyyətsizdir. Türkiyədə inşaat indi-indi püxtələşib. Yəni hər şey ekspertdən keçir. Əvvəl elə şey yox idi. Elə Azərbaycanda da bir vaxtlar binalar başlı-başlına tikilirdi. Fövqəladə Hallar Nazirliyi yaradılandan sonra hər şey ciddi nəzarətə götürüldü ”.
Tikinti şirkətinin rəhbəri olaraq Azərbaycanda binaların neçə bala hesablandığını soruşduqda İ.Axundov bildirdi ki, bütün binalar 9 bala hesablanıb:
“Tək bizim tikdiyimiz binalara yox, mən son 15 ildə Azərbaycanda tikilən binaların keyfiyyətinə cavabdeh ola bilərəm. Çünki bunlar hamısı dövlətin ciddi ekspertizasından keçir. Bütün hesablara uyğun beton tökülür, armatur qoyulur, yoxlanılır, qol çəkilir. Mən onlarla tez-tez ünsiyyətdə olduğum üçün görürəm ki, hər kəs daşıdığı vəzifənin məsuliyyətini gözəl anlayır. Orda başqa cür ola bilməz. Yeri gələndə daha da dayanıqlı olsun deyə betonlarda normadan artıq armatur istifadə olunur. Amma Bakı ətrafında tikilən bir-iki mərtəbəli evlər barədə bunu deyə bilməyəcəyəm. Çünki işbaz maklerlər daha da artıq pul qazansınlar deyə armatur yerinə simlə tikirlər. Allah eləməsin, bir şey olsa onda hamımızın canı ağrıyacaq. Mən onları tanımıram. Amma Masazıra gedib evlərə baxsanız, özünüz şahidi olacaqsız, keçən il tikilən binalar çatlayıb uçur. Mən məsləhət görürəm ki, dövlət qurumları bunları da ekspertizadan keçirsin”.
Həmidə İbrahimova