Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatdı - YENİLƏNİB - FOTO

 10:10 09.02.2023     609

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb.

Redaktor.az xəbər verir ki, yük təyyarəsi faciədən zərərçəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparıb.

Fondun əməkdaşı Elvin Aslanov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən yardımlar davam etdiriləcək: "Azərbaycanda türkiyəli qardaşlarımıza çox böyük dəstək var. Hazırda gətirilən humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bu, ilkin yardımlardır. Növbəti mərhələdə yardımların gətirilməsi davam edəcək".

***

Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir.

Redaktor.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start verib.

“Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaq. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə fond rəsmisi qeyd edib.