"Heç kəs deyə bilməz ki, bu zona seysmik baxımından təhlükəsizdir" - Vüsalə Rafiqqızı
Xəbər verdiyimiz kimi, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə hiss olunub. Bu saata qədər zəlzələ nəticəsində 14 014 nəfər həlak olub, 63 794 nəfər isə yaralanıb. Zəlzələnin dağıtdığı binaların sayı isə 6444-dür.
Qardaş ölkədəki dağıdıcı zəlzələ indi bütün dünyada müzakirə mövzusudur. Təbii olaraq, Azərbaycanda da insanlar ölkəmizin hansı bölgələrinin, şəhər və rayonlarının seysmik baxımdan təhlükəli və ya təhlükəsiz zona olduğunu bilmək istəyirlər.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirdi ki, Azərbaycan seysmik baxımından aktiv bölgədə yerləşir.
"Xəzər dənizinin Azərbaycan sektoru, Şamaxı, İsmayıllı zonaları isə təhükəli zonalardır. Heç kəs deyə bilməz ki, bu zona təhlükəsiz zonadır, çünki ölkəmizin özünün ərazisi seysmik baxımdan aktiv bölgədir. Ona görə də deyə bilməzsən ki, bura rahatdır, bura təhlükəsiz yerdir. Nəinki bizim ölkə, ümumiyyətlə dünya ölkələrində də elədir, onu heç kəs deyə bilməz ki, hara təhlükəsizdir. Bakı şəhərinin quru ərazisində isə zəlzələ ocağı yoxdur", - deyə o, qeyd etdi.
Həmidə İbrahimova