“Keçmiş qayınatam vəzifəsi vasitəsilə məhkəməyə müdaxilə edir”  - AÇIQLAMA

 22:48 09.02.2023     1037

Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun keçmiş kürəkəni Sadiq Poluzadə boşandığı həyat yoldaşı ilə arasındakı məhkəmə işinə qayınatasının müdaxilə etdiyini iddia edir.

Redaktor.az xəbər verir ki, S.Poluzadə bildirib ki, həyat yoldaşından boşandıqdan sonra ona qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölüşdürülməsi iddiası ilə yeni məhkəmə icraatı başlanıb. Keçmiş həyat yoldaşı ona məxsus qızılların geri qaytarılmasını tələb edib.

Poluzadənin sözlərinə görə, həmin qızılları hələ boşanma ərəfəsində Məmmədovlar ailəsinə verib:

“Bunu sübut edən videogörüntü də var. Videoda Mayıl Məmmədovun oğlu deyir ki, qızılları alıb öz evlərinə aparıblar. Mən bu videonu müstəqil fəaliyyət göstərən bir neçə ekspertiza mərkəzində ekspertizadan keçirmişəm, hamısı da videonun orijinal olması ilə bağlı rəy verib. Amma Mayıl Məmmədov vəzifə səlahiyyətlərinin ona verdiyi imkanlardan istifadə edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təzyiq edərək rəyin dəyişdirilməsinə nail olub və rəydə qeyd edilib ki, guya video montaj olunub. Məndən 64 min manat tələb edirlər. Halbuki mən kasıb adamam. 2019-cu ildə evlənəndə 15 minlik qızıl almışdıq. İndi bu qızıl necə bu qədər qiymətə mindi?"

Hazırda işə Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında baxılır:

“Mayıl Məmmədov məni və ailəmi izlədir, bununla bağlı səs yazıları da var. Yaxın dostları vasitəsilə məhkəməyə müdaxilə edir. Hakim Şəhriyar Əliyev açıq-aşkar formada işə birtərəfli baxır. Əvvəlcə vəkilim İlqar Rüstəmovun orderi olduğu halda məhkəmə iclasına buraxılmadı. Hakim qanunvericliyin tələbinə zidd olaraq etibarnamə tələb edirdi. Növbəti iclasda hakimin işdə maraqlı olduğunu bildirərək rəsmi qaydada hakimə etiraz üçün vəsatət vermək istədiyimizi bildirəndə Şəhriyar Əliyev ərizəni rədd etdi.

Proses zamanı qarşı tərəfə sual verəndə hakim bizə deyir ki, “az sual verin, ayaqüstə dururlar, yorulurlar”. Biz vəsatət verəndə isə “otur aşağı, mən iclası belə aparıram” deyərək prosesin ədalətli aparılmasına imkan vermir. Bütün bunlar sadəcə iddia deyil, çünki məhkəmə prosesləri videogörüntü ilə aparılır və bu dediklərim hər biri qeydə alınır”.

Şikayətçi qeyd edib ki, prosesdə qeydə alınan pozuntularla bağlı Məhkəmə Hüquq Şurasına ərizə göndərsə də, hələ cavab verilməyib.

Keçmiş kürəkəninin ittihamları ilə bağlı Mayıl Məmmədovla əlaqə saxladıq. Onun sözlərinə görə, səslənən iddialar tamamilə şər-böhtan və şantaj xarakterlidir:

"Onun barəsində məhkəməyə müraciət etmişəm ki, məni şantaj edir. Bu, ailə arasında olan problemdir. Qızımı döyüblər, işgəncələr veriblər. Daha sonra ayrılıblar. Birgə nikah dövründə alınmış evi satıblar. Gəlin gedərkən qızımın apardığı cehizləri, mebelini belə qaytarmaq istəmirlər. Mən isə heç bir şey istəmədən ata kimi qızımı götürüb evə gətirmişəm. Bu işə mən qarışmamışam, qızım özü məhkəməyə müraciət edib”.

Məsələ ilə əlaqədar S.Poluzadənin keçmiş həyat yoldaşı ilə də əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı (qafqazinfo).