İmmunitetin zəifləməsinin səbəbləri açıqlandı

 11:29 10.02.2023     542

“İmmun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır”

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib:

“İmmun sistemi bədənimizdəki bütün orqan və hüceyrələri əhatə edən müdafiə sistemidir. Bu sistem sayəsində təbiətə uyğunlaşırıq. Belə ki, immun sistemi orqanizmi infeksiyalara, bakteriyalara və mikroblara qarşı qoruyur. İmmun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır. Məsələn, qışda 3-4 dəfə yuxarı tənəffüs yollarının infeksiyasının olması şəxsin immun sistemin zəif olmasından xəbər verir.

İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər. İmmun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir”.

Mütəxəssis-ekspert bildirib ki, immun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var:

“Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir. Qeyd edim ki, A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir. Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir”.

Zakir Əliyev qeyd edib ki, orqanizmə hansı qidaların lazım olduğunu bilmək sağlamlığımız və güclü immun sistemimiz üçün çox vacibdir:

“Daha güclü immun sisteminə sahib olmaq üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:
Bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək;
Bədənimizin mayeyə olan ehtiyacı qədər su için. Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin;
Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. Aparılmış elmi araşdırmalar göstərir ki, keyfiyyətli yuxu ilə güclü immunitet arasında birbaşa əlaqə var;
“Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək olmasına baxmayaraq immun sistemə çox da müsbət təsir göstərmir;
Keyfiyyətli və balanslaşdırılmış qidalanın. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir;
Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Belə ki, sadə şəxsi gigiyena qaydalarına riayət etmək sağlamlığın qorunmasına və möhkəmlənməsinə kömək edir;
Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Elmi araşdırmalar göstərir ki, idman immunitet sistemini aktivləşdirir;
Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə) mümkün qədər uzaq olmaq;
Əsəb və stressdən maksimum uzaq durmaq lazımdır.

Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında vacib rol oynayır. Vitamin D hüceyrə mikromühitində metabolik stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir. Bədənin D vitamini sintezinə olan ehtiyacının 90%-i dəri tərəfindən günəş işığı ilə qarşılanır.
Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və balıq məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin ən əhəmiyyətli mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə səbəb olan virus və bakteriyalarla mübarizə aparır”.

Mütəxəssis, həmçinin həkim məsləhəti olmadan qəbul edilən antibiotik və dərmanlar immun sisteminə təsiri barədə də danışıb. Həkim bildirib ki, hər hansı bir xəstəlik törədən amilin orqanizmə daxil olduğu andan etibarən bədənimizdə müdafiə mexanizmi yaranır:

“Xəstəlik törədən antigenlərin müxtəlif anticisimlərlə orqanizmdən çıxarılmasını təmin edən bu sistem, həmin amillə qarşılaşdıqda müxtəlif xəstəlik törədicilərinə qarşı müdafiə inkişaf etdirir və orqanizmin davamlı qorunmasını təmin edir. Bəzən həkim məsləhəti olmadan xəstəliyin müalicəsi üçün istifadə edilən antibiotiklər və buna bənzər dərmanlar immun sistemin həmin xəstəlik törədicisinə qarşı lazımi müdafiəni qurmasına və inkişaf etməsinə mane olur. Misal üçün, xəstədə hər hansısa bir virus mənşəli infeksiya varsa, istifadə edilən antibiotik mualicəsi sağalma periodunu uzada, hətta xəstəliyi daha da ağırlaşdıra bilər. İmmun sistemin kifayət qədər müqavimət göstərə bilmədiyi hallarda müalicə və ya xəstəliklərdən qorunmaq üçün həkim nəzarətində dərmanlara üstünlük verilməlidir”.