"15-20 il bundan əvvəl tikilən binaların çoxunun keyfiyyətindən əmin deyiləm" - Memar Elçin Əliyev

 17:17 10.02.2023     2437

Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində 6444 binanın tamamilə uçması bu ölkədə inşaat sahəsində ciddi problemlərin olduğunu nümayiş etdirdi. Bunu biz yox, elə türkiyəli mütəxəssislər özləri deyir. Həmin ekspertlər bildirir ki, zəlzələnin baş verdiyi bölgələrdə son illərdə tikinti qaydalarına ciddi riayət edilməyib, binalar bir-birinə yaxın məsafədə tikilib, zəlzələyə davamlılığı nəzərə alınmayıb və sair.

Türkiyədə son məlumata görə 19 min nəfərin ölümünə səbəb olan bu dəhşətli hadisədən sonra Azərbaycanda da insanlar ölkəmizdə tikilən binaların keyfiyyəti, onların güclü zəlzələyə davamlı olub-olmaması barədə müzakirələr aparır. 

Bəs, Azərbaycanda, xüsusən Bakıda tikilən binalar təhlükəsizlik qaydalarına riayət edilərək tikilibmi?

Müstəqillik illərində tikilən binaların zəlzələyə davamlılığı nə qədərdir? Bu binalar neçə bal gücünə hesablanaraq tikilir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan memar Elçin Əliyev bildirdi ki, Bakıda tikilən binaların layihəsi ilə bağlı problem olmur. Problem binanın tikintisi zamanı baş verir:

“Dövlət orqanları tikinti şirkəti tərəfindən verilən layihəni təsdiqləmək üçün çox yüksək tələb qoyurlar. Təbii ki, onlar layihəni ekspertizadan keçirirlər. Ona görə də layihə mərhələsində Bakıda tikilən binalarda problem yoxdur. Həqiqətən, layihələr hamısı çox gözəldir. Doqquz ballıq və ondan da yüksək zəlzələyə davamlıdırlar. Qeyd etdiyimi kimi, layihə tərəfindən problem yoxdur. Problem sonra, yəni tikinti zamanı başlayır. Dövlət orqanları tikinti zamanı binalara lazımi qədər nəzarət etmirlər. Burada çox şey tikinti aparan şirkət tərəfindən asılıdır. Azərbaycanda 4-5 ildir ki, binalar sanballı şirkətlər tərəfindən tikirlir. Amma 10 il, 15 il bundan əvvəl kimin pulu var idi, gəlib bina tikirdi, tez bazar binanı tikib, mənzilləri satıb yox olurdu. Heç sonra sakinlər tapa bilmirdilər ki, bu binanı kim tikib. İnsan artıq yox idi, şirkət də yox idi. Ona görə həmin tikinti zamanı materialların keyfiyyətinə, tikinti texnologiyalarına, məsələn, qaynaqların keyfiyyətinə nəzarət edən yox idi. Buna görə mən bir memar kimi dəfələrlə görmüşəm ki, camaat mənzil alır, girirsən divarlar, konstruksiyalar, rigellər, dayaqlar, kolonlar hamısı əyri-üyrüdür. Təəssüf ki, belə hallar Bakıda çoxdur”.

Memar qeyd etdi ki, Bakıda binalarda eybəcər eyvanlar əlavə olunur:

“Biz Bakının unikal memarlığını bilirsiniz nəyə çevirmişik? Biz bilirik ki, hər bir Bakı həyətlərində yeni tikinti olsun, tarixi tikinti olsun, eybəcər eyvanlar əlavə olunur. Təəssüf ki, bu rüşvətxorluğun nəticəsidir. Özü də hamımız bilirik. O eyvanların əlavəsi, hər kvadratın qiyməti rayondan asılı olaraq məlumdur və təəssüf ki, biz hamımız özümüzü belə aparırıq ki, bu problemdən xəbərimiz yoxdur. Axı bu tarixi bina, ya müasir bina, həmin eyvanların yük daşıma layihəsində nəzərdə tutulmayıb. Özü də tarixi binalarda bu problem lap açıq-aşkar görsənir. Həyətlərdə beş, altı mərtəbə dalbadal, hamısı eyvanlar tikir. Təbii ki, Allah göstərməsin zəlzələ olanda bütün bu eyvanlar gələcək yerə və ardınca da, binanı dartacaq, bina da çökəcək. Ona görə biz təəssüf ki, bu gün bu problemləri fikirləşmirik. Bütün sivil ölkələrdə bu qayda-qanun var. Hətta sovet vaxtında da olub. Binaların arasında onların hündürlüyünün iki misli qədər məsafə qalmalı idi. Sovet İttifaqında bu qanun qəbul olunmuşdu. Təəssüf ki, sizin, mənim, orada yaşayan insanların təhlükəsizliyi üçün yox. Bilirsiz, onlar nüvə savaşına hazırlaşırdılar və nüvə savaşında fikirləşirdilər ki, binalar dağılanda mütləq aralarında yol qalmalıdır və hərbi maşınlar oradan keçsin. Ona görə də o, həmin ara yollarda kanalizasiya xətlərini də çıxardırlar. Bu da bir Sovet İttifaqından yadigar bizdə qalıb, yəni biz Avropada yeganə bir ölkəyik ki, hardasa kanalizasiya xətləri yolun ortasıyla gedir. Təəssüf ki, biz bu qayda-qanuna riayət etmirik. Biz bilirik ki, Bakının mərkəzində, əsasən onun ətrafında binalar bir-birinə çox yaxın tikilir. Bu, cinayətdir. Bilirsiz, təəssüf ki, bizdə məmur işdən çıxandan sonra onu cinayət məsuliyyətinə cəlb etmirlər. Mən hesab edirəm ki, kim buna razılıq veribsə, - məsələn, axır 20 ildə Bakıda cəmi iki şəhər başçısı olub, biri Eldar müəllimdir, ondan qabaq da cənab Abutalıbov - mütləq  dəvət edib soruşmaq lazımdır ki, nəyə görə belə icazələr verilib? Nəyə görə binalar belə yaxın tikilib? Və onları məsuliyyətə cəlb etmək lazımdır. Biz bunu etməyəcəyiksə, deməli, hər bir məmur əmin olacaq ki, o işdən çıxandan sonra hər şey ona bağışlanıb, məsuliyyətə cəlb olunmayacaq”.

Elçin Əliyev onu da bildirdi ki, binaların tikintisində zəlzələyə davamlılığına kağız üzərində riayət edirlər:

“Sovet İttifaqında sistem var idi və nəzarət orqanları işləyirdilər, tikilən binalara nəzarət edirdilər. Ona görə binaları çox keyfiyyətli tikirdilər. Amma o dövrdə zəlzələyə davamlılıq konfisenti aşağı idi və məsələn, 6-7 bal qəbul olunmuşdu. Bu gün isə bizdə binaların tikintisində zəlzələyə davamlılığı artıq 8-9 bal qəbul olunub və kağız üzərində buna riayət edirlər. Təbii ki, sovet vaxtında binalar çox keyfiyyətli tikilirdi. İndi də axır illər, 2018-ci ildə Dövlət Şəhərsalma və Tikinti Memarlıq Komitəsinə yeni rəhbər Samir Nuriyev gəlmişdi. Vəzifəyə gəlməsindən sonra böyük dəyişikliklər oldu. Və həqiqətən bu sahədə qayda-qanuna riayət etməyə başladılar. Qanunvericilik dəyişildi. İndi biz görürük ki, tikintiyə ancaq sanballı şirkətlər buraxılır. Tikinti tək-tək binalar yox, məhəllə-məhəllə həll olunur. Görürük ki, gözəl binalar tikilir. Təbii ki, onların nəzarəti də çox ciddidir. Amma təəssüf ki, 15-20 il bundan əvvəl tikilən binaların çoxunun keyfiyyətindən əmin deyiləm. 2000-ci ildə bizdə çox möhkəm, 6,5 ballıq zəlzələ oldu. Yenə də həmin aylar hamısı qaça-qaça düşdülər. Başladılar bu barədə danışmağa. Dövlət orqanları deyirdilər ki, ay belə edəcəyik, ay elə edəcəyik. Nəticəsi nə oldu? Heç nə. Bir neçə ay bundan qabaq cənab şəhər başçısı çıxışında dedi ki, Bakıda minə qədər binalar qəzalı vəziyyətdədir. Deməli, 2000-ci ildən 22 il keçib. Hökumət bu binalara heç nə etməyib. Bilirdiniz ki, 20 il keçib, Allah göstərməsin indi nə vaxtsa Bakıda yenə də zəlzələ olacaq. Nəyə görə axı dövlət proqramı tərtib olunmayıb? Dövlət proqramı çərçivəsində bu binalar təmir olunmayıb? Məncə, birinci növbədə keçmiş şəhər rəhbərliyini bu məsələlərə görə məsuliyyətə cəlb etmək lazımdır. Nəyə görə bilə-bilə Bakıda minlərlə, yüzlərlə qəzalı binalar var? Dövlət orqanı, Bakı Şəhər İcra Hakimiyyəti heç nə eləmirdi. Bu gün mütləq mən hesab edirəm ki, həmin binaların siyahısı tərtib olunmalıdır və bir proqram şəklində bu qəbul olunmalıdır ki, nə vaxt biz bu binaları təmir edə bilərik. Təəssüf ki, biz balaca ölkəyik, imkanlarımız da məhduddur. Deməli, biz ildə maksimum 10, 20, 30 bina təmir edə bilərik. Onda bu proqram 10-15 illik proqram olmalıdır və orada tam açıq, şəffaf şəkildə yazılmalıdır ki, məsələn, 2027-ci ildə bu küçələrdə həmin binalar olacaq və orada yaşayan insanlar da öz həyat planlarını bilsinlər. Bu gün iki bakılı görüşən kimi bir birindən soruşurlar ki, “evin nə vaxt söküləcək?” Təəssüf ki, yüz minlərlə İnsanlar qalıblar avara və bilmirlər ki, sabahbunların ailələrinin taleyi necə olacaq, harada yaşayacaqlar? Tam açıq, şəffaf şəkildə ünvanlar, illər və hətta aylar yazılmaq şərtilə ki, məsələn 2028-ci ilin sentyabrında sizin binanız təmir olunacaq. Bu proqram mütləq qəbul olunmalıdır və onun başında cəmiyyətdə hörməti olan, inanılan insan durmalıdır. Bilmirəm, ya indiki şəhər rəhbərliyi, ayrı bir sanballı insan. Və mütləq biz bunu başlamalıyıq və axırına çatdırmalıyıq. Mənə belə gəlir ki, Allah bizə zəlzələyə qədər 5-10 il də verib və biz bütün bu qəzalı olan binaları mütləq təmir etməliyik”, - deyə memar vurğuladı.

Həmidə İbrahimova